Xəbər verdiyimiz kimi, yanvarın 17-də Ukraynanın Baş naziri Aleksey Qonçaruk istefa verib.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, yanvarın 15-də "Prezidenti necə aldatmalı" adlı "YouTube" kanalında Qonçarukun Ukrayna Milli Bankının sədr müavini Yekaterina Rojkova və Maliyyə naziri Oksana Markarova ilə dolların kursu və iqtisadi məsələlər barədə telefon danışığının  səs yazısı yayılıb.  

Səs yazısında Qonçarukun olduğu ehtimal edilən şəxs prezidentin iqtisadi proseslər haqqında çox primitiv anlayışının olduğunu deyib.

Mediada yayılan məlumatlara görə, bu səs yazısı "Xalqın xidmətçisi" fraksiyasının iclasında səsləndiriləndən sonra mübahisə yaranıb. İddialara görə, deputatlar Qonçaruka qəzəblənib və bəziləri hökumət başçısına etimadsızlıq təklifi ilə çıxış edib.

Qonçaruk baş verənlərlə bağlı "Facebook"da bildirib ki, səsi montaj edilib və baş nazirin prezidentə hörmət etmədiyi barədə təsəvür yaradılıb. O, bu qənaətin yaranmasının maliyyə axınlarına çıxış əldə etmək istəyən bir çox qruplara sərfəli olduğunu vurğulayıb.

Baş nazir bununla bağlı olaraq komandasının "prezidentə hörmət və etimad şübhələrini aradan qaldırmaq üçün" istefa məktubu yazdığını bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.