Ötən il abonentlərin 52 faizdən çoxu aşağı limit tarifindən istifadə edib

Son tarif dəyişikliyindən sonra limitlər üç qrupa bölünür. 1200, 2500 və 2500 kubmetrdən yuxarı. 2021-ci il ərzində 52,5% abonent, təxminən 1 milyon 262 min 820 abonent aşağı limit tarifindən, yəni 1200 kubmetrdən istifadə edib.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Baş direktor qeyd edib ki, 1 milyon 443 min abonent 1200 kubmetri keçməyib.

"Qaz limitini keçməyən əhali qrupu təxminən 47,5%-dir. İlin ortasında dəyişiklik olduğuna görə bu rəqəmlər fərqlidir. Belə ki, 1 milyon 142 min 413 abonent sonuncu tariflə, yəni 1200 kubmetri keçməyənlərdir. Bu da 47,5 faiz təşkil edir", - deyə baş direktor bildirib.

Ruslan Əliyev 2021-ci ildə "Azəriqaz" İstehsalat Birliyinin 7,52 milyard kubmetr təbii qaz qəbul etdiyini açıqlayıb.

"Bu, 2020-ci illə müqayisədə 774 milyon kubmetr və yaxud 11,5% çoxdur. Ötən ilki həcm əvvəlki illərlə müqayisədə ən çox qəbul edilmiş həcmdir. Bunun 5,43 milyard kubmetri əhaliyə, 2,1 milyard kubmetri isə sənaye müəssisələrinə satılıb", - deyə R.Əliyev qeyd edib.