“Cultural Network House” Azərbaycan mədəni irsinin təbliğini beynəlxalq müstəvidə davam etdirir!

"Cultural Network House Assosiasiyası" ötən həftə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vakfının sədri Aygün Attarın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan  ATİV, TİKA, Türkiyə Mədəniyyət Nazirliyininin, Türk Tarix Qurumumun təmsilçiləri, ictimai xadimlər, hüquqşünaslar və müxtəlif sahələri təmsil edən elm adamlarından ibarət heyətini öz ofisində qonaq etdi.

"Köklü keçmiş, güclü gələcək" simpoziumun iştirakçıları, səfərin ikinci günündə Cultural Network House tərəfindən təşkil olunan mədəniyyət mübadiləsi gecəsində iştirak etdilər.

Şəhidlərin xatirəsini bir dəqiqəlik sayğı sükutundan sonra, tədbirə ev sahibliyi edən assosiasiyanın sədri Aynur Süleymanzadə qonaqlara assosiasiya və onun ərsəyə gətirdiyi layihələr haqqında ətraflı məlumat verdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidmətinin rəisi Azad Cəfərli öz təqdimatında 30 illik işğal dönəmində Azərbaycanın mədəni abidələrinə vurulan zərər və azad edilmiş torpaqlarımızda yerləşən abidələrin bərpası, qorunması və bu mədəni irsin dünyaya tanıdılması istiqamətində aparılan işlər barədə qonaqları məlumatlandırdı. Tədbirdə iştirakçılar üçün Qarabağın mədəni abidələrinin işğaldan sonrakı vəziyyəti və bərpasını özündə əks etdirən "Şuşa" kitabının təqdimatı keçirildi.

Qonaqlar "Cultural Network House Assosiasiyası"nın fəaliyyətini yüksək qiymətləndirərək, mümkün ola biləcək elm və mədəni işbirliyinin yolları haqda müzakirələr apardı.