Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi Ermənistanı gec-tez sülhə məcbur edəcək

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Laçın şəhərinə səfəri, burada müqəddəs bayrağımızı ucaltması müasir tariximizin növbəti qürurlu hadislərindən biridir. Eyni zamanda dövlət başçısının müqəddəs Qarabağda səsləndirdiyi sərt və qətiyyətli bəyanatlar göstərdi ki, Azərbaycan revanşist və işğalçı Ermənistanın qeyri konstruktiv addımlarına qarşı bundan sonra da barışmaz mövqe sərgiləyəcək.

Day.Az xəbər verir ki, bunu Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, əlavə edib ki, bu prosesdə heç bir qüvvə Azərbaycanı tutduğu yoldan döndərə bilməz: "Azərbaycan Prezidenti cənab İlham Əliyev sərt mövqeyi və qətiyyətli siyasi iradəsi ilə ölkəmizin milli maraqlarını qoruyur və lazım olan dairələr bundan layiqli nəticələrini çıxarır. Ermənistan kapitulyasiya aktına imza atarkən, istərsə də ötən iki il ərzində aparılan danışıqlarda Azərbaycan istədiyinə nail olub və bu, gələcəkdə də belə olacaq".

S.Kərimli bildirib ki, Prezident İlham Əliyevin Laçın şəhərində düşmənin törətdiyi vəhşiliklər və dağıntılarla tanış olması və erməni vandalizminin mahiyyətini buradan bütün dünyaya çatdırması çox böyük əhəmiyyət daşıyır:

"Bu, Azərbaycan Prezidenti tərəfindən növbəti mesaj idi. Ermənistan suveren Azərbaycan ərazilərində misli görünməyən vəhşiliklər törədib və bütün bunlara görə cavab verməli olacaq. Məlumdur ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələri, abadlıq quruculuq işləri həyata keçirir. Dəhşətli haldır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu prosesə də mane olmağa çalışır. Düşmənin sərhədlərimizdə törətdiyi son hərbi təxribatların məqsədlərindən biri məhz budur. Ermənistan istəyir ki, hərbi təcavüzü davam etdirməklə yeni dağntılar törətsin və bərpa prosesini əngəlləsin. Amma buna nail ola bilməyib, çünki, Azərbaycan dövlətinin dəmir yumruğu hər zaman yerindədir".

S.Kərimli vurğulayıb ki, bu gün Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin qorunub saxlanılması üçün var gücü ilə çalışır, amma Ermənistan buna mane olur. Təəssüf ki, bu mövqeyinə görə Ermənistan rəhbərliyinə heç bir təzyiq edilmir:

"Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırması prosesində ən vacib məqamlardan biri sərhədlərin delimitasiyası, bölgədə kommunikasiyaların açılmasıdır. Prezident İlham Əliyev Laçın şəhərində çıxışı zamanı bu məsələyə də toxundu. Ermənistan deyilənlərdən nəticə çıxarmalı, irəli sürülən sülh təkliflərini qəbul etməldir. Azərbaycan bu istiqamətdə üzərinə düşən bütün işləri görür. Xəritələr hazırdır, sülh danışıqlarının aparılması üçün komissiya yaradılıb, təkliflər masanın üzərindədir. Həmçinin bölgənin gələcək inkişafı üçün nəqliyyat layihələri reallaşdırılır. Ermənistan isə heç bir real iş görmür, müsbət addım atmır. Bütün bunlar göstərir ki, İrəvan sülh istəmir, üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır və Cənubi Qafqazda daim münaqişə ocaqlarının qalmasında maraqlıdır. Bu isə xəstə təfəkkürün, işğalçılıq, terrorçuluq və separatçılıq xislətinin bariz nümunəsidir. Amma biz hamımız əminik ki, Azərbaycan Prezidentinin qətiyyətli siyasəti Ermənistanı gec-tez sülhə məcbur edəcək".