Ağdama Böyük Qayıdışın anonsu verildi

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.

Day.Az xəbər verir ki, iki gün davam edəcək Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda keçirilən birinci sessiyasına yerli və xarici hökumət üzvləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 44 xarici ölkədən 130-dan çox nümayəndə qatılıb.

Forumda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - post-konflikt dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzular ətrafında müzakirələr aparılıb.

Tədbir çərçivəsində jurnalistlərə açıqlama verən Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, gələn ildən Böyük Qayıdış üçün tələb olunan əsas layihələrə başlanacaq. O, Ağdama ilkin mərhələdə köçürüləcək vətəndaşların sayını da açıqlayıb.

Emin Hüseynovun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Ağdam şəhərində həyat üçün tələb olunan bütün sosial infrastruktur istifadəyə veriləcək. 2025-ci ildən isə soydaşlarımız doğma Ağdam şəhərinə qayıdacaqlar.

Forumda iştirak edən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Azərbaycan hökumətinin şəhərsalma ilə bağlı gördüyü işləri təqdir edib.

Britaniyanın "Chapman Taylor" şirkətinin direktoru Marselina Zielinska isə deyib ki, azad edilmiş ərazilərdə yenidənqurma işlərinin sürəti insanları müsbət mənada təəccübləndirir.

Forumun ölkəmizdə hər il keçirilməsi nəzərdə tutulur.

Day.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: