Ərdoğan Paşinyanla görüşdə Ermənistana qapıları açmağın şərtini açıqladı

"Səmimi qəlbdən inanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik".

Day.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşə toxunan Ərdoğan bildirib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar qarşılıqlı surətdə davam etdirilir: "Bu görüşdə bəzi tələblər irəli sürülüb. Biz bu tələbləri xüsusi nümayəndələrimizə, nazirlərimizə çatdırdıq. Danışıqlar baş tutandan sonra biz lazımi addımları atacağıq".

Ərdoğan qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün mövcud olan xüsusi təmsilçilər danışıqları davam etdirirlər: "Eyni zamanda hər iki ölkənin xarici işlər nazirləri bütün bu məsələləri ümumiləşdirib bizə təqdim edəcəklər. Ökələr arasında normallaşma prosesinə dair xüsusi nümayəndələr görüşəcək. Növbəti addımlar bu görüşlərin nəticəsindən asılı olaraq atılacaq".

O, jurnalistin Ermənistana irəli sürdüyünüz ilkin şərtlər nədir sualına cavabında deyib:

"Bizim ilkin şərtimiz yoxdur. Biz sadəcə istəyirik ki, Ermənistan Azərbaycanla hüquqi məsələləri həll etsin və dərhal sülh bağlı müqaviləsini imzalasın. Bunu etdiyiniz anda bizimlə bağlı heç bir problem qalmayacaq. Qapılar açılacaqsa, qapıları, hava, yol və dəmir yollarımızı açarıq".

Türkiyə Prezidenti əlavə edib ki, Türkiyənin Avropa İttifaqının üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə əvəzolunmaz rolu var: "Ölkəmiz təhlükəsizlik, müdafiə, miqrasiya, terrorizm, sağlamlıq və təchizat zəncirləri kimi fundamental problemlərin aradan qaldırılmasında həyati əhəmiyyətə malikdir. Gördüm ki, bu həqiqət avropalı dostlarımız tərəfindən də qəbul olunmağa başladı. Türkiyənin qarşısına qoyulan maneələr ədalətli deyil, bu da Avropa Birliyinin maraqlarına xələl gətirir".