Azərbaycan səfirliyinə hücum sifarişlidir və arxasında müəyyən qüvvələrin dayanması şübhə doğurmur

Azərbaycanın Tehrandakı səfirliyinə xain hücumu qətiyyətlə pisləyirik. Bu, sıradan cinayət deyil, bu terror cinayətini törədənlərin və onun sifarişçilərinin tezliklə tapılıb cəzalandırılması üçün İran tərəfi lazımi addımlar atmalıdır.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, bu hücum sifarişlidir və arxasında müəyyən qüvvələrin dayanması şübhə doğurmur. Lakin Vyana Konvensiyasının şərtlərinə uyğun olaraq, İran hüquq mühafizə orqanlarının Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etmək öhdəliyi var və baş vermiş hadisə bu öhdəliyin yerinə yetirilməsinə Tehranın məsuliyyətsiz yanaşdığını göstərir.

"Təəssüf ki, son zamanlar İranda Azərbaycan əleyhinə çağırışlar gündən-günə artır, rəsmi Tehran isə qeyri-dost münasibəti sərgiləyərək bu vəziyyəti qaydasına qoymaq üçün heç bir addım atmırdı. Belə düşmən mühitdə, təbii ki, bu cür hərəkətlərin olması istisna deyildi. Baş verən hadisə cavabsız qala bilməz, Azərbaycan hökuməti adekvat addım ataraq tezliklə Tehran səfirliyini boşaltmağı planlaşdırır. Düşünürük ki, diplomatik korpusun təhlükəsizliyini təmin edə bilməyən ölkədə vəziyyət aydınlaşana qədər səfirliyimizin fəaliyyət göstərməsi artıq qeyri-mümkündür. Bu hadisə bir daha göstərdi ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. Məsələn, 1979-cu ildə ABŞ-ın səfirliyinə hücum, 2016-cı ildə Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyinə hücum və Məşəddəki konsulluğunun yandırılması, 2011-ci ildə Birləşmiş Krallıqların səfirliyinə hücum İranın cinayət profayllarında yer alır. Bütün hallarda dövlətlər İran hakimiyyətini onların hüquq mühafizə orqanlarını Vyana Konvensiyasını pozmaqda günahlandırmışdılar".

S.Mikayılova qeyd edib ki, hazırda İran tərəfi məsələnin mahiyyətini təhrif etməyə çalışır, dərin istintaq aparmadan hadisənin məişət zəminində baş verməsi ilə bağlı iddialar yayaraq həqiqəti gizlətməyə çalışır.

"Guya, terrorçu əraziyə uşaqla gəlib və həyat yoldaşını axtarırmış kimi cəfəng məlumatlar yayır. İran xüsusi xidmət orqanlarının belə gülünc davranışı terrorçunu hədəfdən yayındırmaq məqsədi daşıyır. Məsələ burasındadır ki, ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib. Bu isə hadisənin planlaşdırılmış, məqsədli törədildiyinə dair əsaslı şübhələr yaradır", - deyə S.Mikayılova əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.