Bayram günlərində polis xidmətini gücləndirilmiş iş rejimində davam etdirəcək

Novruz bayramı günlərində də daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcəklər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Day.Az-а verilən məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcəklər.

Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən, avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qüvvə və imkanlar səfərbər ediləcək. Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaqdır.