Yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması mərhələsinə keçmək olar

Formalaşmış vəziyyət görünən perspektivdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ehtimalına ümid etməyə imkan verir, lakin əsas vaxt deyil, bütün məsələlərin qəti həllidir.

Day.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasındakı məsələlərin müzakirəsi üçün "növbəti həftənin sonunda Moskvada" toplaşacaqlar. "Hər şeyi sonadək yekunlaşdırmaq kimi hər hansı məqsəd qoyulmur, çünki əsas olan yenə də yekun nəticədir, burada heç kəs zamanı qovmur", - deyə Peskov qeyd edib.

Kreml nümayəndəsinin fikrincə, "məhz bu mülahizələrə görə çətin ki, indi kimsə sülh sazişinin imzalanmasına keçidin dəqiq tarixini proqnozlaşdıra bilsin".

"Lakin dünənki görüşdə deyildiyi kimi, artıq bir çox cəhətdən vəziyyət dəyişib və faktiki olaraq konsept baxımından bu dəyişən vəziyyət artıq görünən perspektivdə sülh sazişinin imzalanmasına keçməyə imkan verir", - deyə Peskov bildirib.