Subasmaya görə köməksiz qalan 27 nəfər təxliyə edildi

Ötən axşamdan başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bəzi yaşayış məntəqələrində fərdi yaşayış evlərini, həyətyanı sahələri və digər ərazilər subasmaya məruz qalıb.

Day.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik Araz Hüseynov söyləyib.

"Bununla bağlı Fövqəladə Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə hissəsi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Dövlət Xilasetmə Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub", - o qeyd edib.

A.Hüseynovun sözlərinə görə, FHN-nin qüvvələri tərəfindən su basmış ərazilərdə su çəkmə işləri və fərdi yaşayış evlərində köməksiz qalmış vətəndaşların təxliyəsi həyata keçirilir.

"Hazırda Astara rayonunun Ərkivan qəsəbəsində və Maşxan kəndində, Lənkəran rayonu Sütəmurdov kəndində su basmış ərazilərdən suyun çəkilməsi və digər təhlükəsiz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Köməksiz vəziyyətdə qalmış 27 vətəndaş təxliyə olunub", - deyə A.Hüseynov qeyd edib.

Qeyd edək ki, yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub. 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci km-də, Pensər çayı üzərində, digəri 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci km-də, Siyəki çayı üzərində yerləşir. Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.