Dünyada ikili standartlardan ən çox əziyyət çəkən ölkəlrdən biri də Azərbaycandır

Bu gün dünyada müxtəlif səbəblərdən hələ də milyonlarla insanın hüquqları pozulmaqda davam edir.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakıda "İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

S.Əliyeva bildirib ki, bəzi dövlətlər tərəfindən sərgilənən kolonializm, irqçilik, dözümsüzlük, ikili standartlar, ayrı-seçkilik hallarının artması və beynəlxalq təşkilatların buna biganə münasibəti insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarıb.

"Təəssüf ki, beynəlxalq təşkilatlar və bütövlükdə dünya ictimaiyyəti bu ədalətsiz davranışa, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır. Bu baxımdan dünyada dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkəlrdən biri də Azərbaycandır.

Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı dünyanın gözü qarşısında kəskin nifrət zəmnində həyata keçirdiyi, etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, soyqrımı, ekosid, urbisid və kultursid aktları törədilib.

Azərbaycanının 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlanılmış və 44 günlük Vətən müharibəsi ilə azad edilmiş ərazilərində aşkar edilən kütləvi məzarlıqlar, oradakı əksər, şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılması, bir çox flora və fauna növlərinin məhv edilməsi, ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndirilməsi faktları bunu bir daha sübut edir", - S.Əliyeva Əlavə edib.

Qeyd edək ki, Bakıda "İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə baş tutur. Konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirlər.