Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib - YENİLƏNİB - FOTO
Xəbər verdiyimiz kimi, növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasda məruzəçi hakimlərdən Sona Salmanova və Kamran Şəfiyev çıxış edib.
S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
K.Şəfiyev isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini qeyd edərək seçkilərin nəticələrinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu vurğulayıb.
İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib.
M.Pənahov namizədlərə yaradılmış şəraitdən danışıb, həmçinin ödənişsiz efir vaxtının, qəzetlərdə yer ayrılmasını qeyd edib.
"Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb", - deyə o, əlavə edib.
MSK sədri deyib ki, seçkilərdə 7 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb.
"Seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. Səsvermə günü proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm də veb-kameralar vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb", - deyə M.Pənahov qeyd edib.
Daha sonra hakimlər müşavirəyə yollanıb.
XXX
11.00
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.
Day.Az xəbər verir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.
Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparıb. Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlanıb.
Yekun nəticələrə əsasən, İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.
Digər namizədlərin səs faizi aşağıdakı kimidir:
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs);
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs);
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs);
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev -0,54 faiz (26 517 səs).
Xatırladaq ki, Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре