Vaşinqtonda Azərbaycanın COP29 sədrliyinə dair tədbir keçirilib

18 iyun tarixində Vaşinqton şəhərində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və Amerika Birləşmiş Ştatlarının Ticarət Palatasının birgə təşkilatçılığı ilə "COP29: Enhancing Ambition, Enabling Action" adlı hibrid formatda tədbir keçirilib.

Day.Az xəbər verir ki, tədbirdə 150-yə yaxın ABŞ dövlət qurumları, diplomatik korpus, özəl sektor, xarici və yerli media orqanlarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.

İlk öncə ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Xuş Çoksi qonaqlari salamlayaraq, iştirakçılara tədbirin proqramı barədə məlumat verib.

Ölkəmizin ABŞ-də səfiri Xəzər İbrahim öz çıxışında dünyada iqlim dəyişmələri fonunda baş verən hadisələrdən və ölkəmizin COP29-a sədrliyi çərçivəsində görülən işlərdən danışıb. Səfir Azərbaycan və ABŞ Prezidentləri arasında son iki ay ərzində iki məktub mübadiləsinin baş tutmasını vurğulayaraq, ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyəsində olmasını, məktublarda regional, enerji və təhlükəsizlik məsələlərində əməkdaşlığın qeyd olunmasından yanaşı, iqlim dəyişikliyi məsələlərində də əməklaşlığın vacibliyinin xüsusilə vurğulandığını bildirib.

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin baş müavini Syu Biniyaz ölkəsinin COP29-a dair məqsədlərindən bəhs edərək, İkiillik Şəffaflıq Hesabatının vaxtında təqdim olunması üçün Azərbaycan tərəfindən sıx iş aparılmasından məmnunluq duyduğunu vurğulayıb. ABŞ nümayəndəsi ölkəsinin Paris Sazişinin altıncı maddəsi çərçivəsində Azərbaycanla eyni məqsədləri paylaşdığını qeyd edib. S.Biniyaz yaxın zamanda Azərbaycanın COP29 prioritetlərini və gündəliyini elan etməsini səbirsizliklə gözlədiyini bildirib. ABŞ nümayəndəsi iqlim maliyyəsində özəl sektorun iştirakının mühüm rol oynadığını xüsusilə vurğulayıb.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-a dair yeni inkişaflardan bəhs edərək, Bonn şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının konstruktiv müzakirələrin aparılmasına imkan verdiyini və tərəflərin iqlim dəyişikliyi məsələlərində bir araya gəlməsi üçün əlavə platforma yaratdığını qeyd edib. Y.Rəfiyev Bonn şəhərində keçirilən BMT-nin iqlim konfransı zamanı ölkəmizin COP29 üçün nəzərdə tutduğu baxışı təqdim etdiyini vurğulayıb.

Eyni zamanda, ölkə sədrliyimizin əsas məqsədlərindən birinin tərəfləri Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrində yeni və ambisiyalı iqlim maliyyəsi məqsədlərinin müəyyən edilməsinə dəstəyin göstərilməsi olduğunu bildirib. Baş danışıqçı iqlim maliyyəsi məsələlərində dövlət qurumları ilə yanaşı, özəl sektorla birgə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.
COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Oqtay Məmmədov çıxışı zamanı ölkəmizdə keçiriləcək COP29-la bağlı iştirakçılara logistik və yerləşmə məsələlərinə dair məlumat verib.

Çıxışlardan sonra sual-cavab sessiyası baş tutub.

Tədbirin sonunda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Marti Durbin tədbir iştirakçılarına və Səfirliyimizə faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib.