Kamran Əliyev özbəkistanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurluğun Mətbuat Xidmətindən Day.Az-a bildirilib ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Özbəkistan Respublikasının Baş prokurorunun müavini Şerzod Tuxtaboyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Çıxış edən Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdırdığını, xalqlarımızın rifahına xidmət göstərdiyini xüsusi olaraq vurğulayıb.

Vurğulanıb ki, işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Özbəkistan dövləti tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin tikilib istifadəyə verilməsi, Qarabağın yenidən qurulmasında yaxından iştirakı xalqlarımız arasında olan qardaşlıq münasibətlərinin əyani sübutudur.

Ölkələrimizin beynəlxalq arenada da, fəal şəkildə qarşılıqlı fəaliyyət göstərdiyi və nüfuzlu təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), MDB və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Baş prokuror müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətindən danışan Baş prokuror, hər iki beynəlxalq tədbirin ölkələrarası münasibətlərin hərtərəfli inkşafı üçün əlverişli platforma olduğunu qeyd edib.

Daha sonra Baş prokuror Kamran Əliyev Özbəkistan Respublikasının Baş prokuroru cənab Niqmatulla Yuldoşevi 15 noyabr tarixində Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi tərəfindən Bakıda təşkil olunacaq "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi" mövzusundakı Yüksək Səviyyəli plenar sessiyaya dəvət edib.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Özbəkistan Respublikasının Baş prokurorunun müavini, iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb və 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.

Görüşdə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov da iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.