ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib - FOTO
2024-cü il, oktyabrın 8-10-da ICESCO-nun İslam Dünyası İrs Komitəsinin Şuşada keçirilən 12-ci iclası çərçivəsində iştirakçılar Ağdama səfər edib.
Mədəniyyət Nazirliyindən Day.Az-а bildirilib ki, Ağdamda İmarət Kompleksi və Cümə Məscidini ziyarət edən İSESKO-nun Mədəniyyət və Kommunikasiya sektorunun rəhbəri, Tunisin keçmiş mədəniyyət naziri (2016-2020) Dr. Məhəmməd Zeynalabdin, İSESKO-nun İslam Dünyası İrsi Mərkəzinin rəhbəri Dr.Vebber Ndoro, İslam Dünyası İrs Komitəsinin sədri Məhəmməd Əl-Aydarus, Özbəkistanın Mədəniyyət Araşdırmaları və Qeyri-maddi Mədəni İrs üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru İroda Dadaşconova və digər rəsmilər, Komitəyə üzv ölkələrin təmsilçiləri əvvəlcə bərpa olunan İmarət Kompleksi ilə tanış olublar.
Qonaqlara İmarət Kompleksində yerləşən Qarabağ xanları Pənahəli xanın və İbrahimxəlil xanın, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, şair, rəssam Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslərin məzarları haqda ətraflı məlumat verilib. İşğal dövründə erməni vandalizminin qurbanı olan qəbiristanlıq, İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın dağıdılmış qəbirüstü abidələri göstərilib və İtalyan mütəxəsisslər ilə birgə aparılmış bərpa prosesi haqda danışılıb.
İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar maraqla qarşılanıb.
Daha sonra qonaqlar bərpa edilmiş Ağdam Cümə Məscidində olublar. Məscidin işğal dövründə vəziyyətini əks etdirən fotoşəkillərlə tanış olub, bərpa prosesi haqda məlumatlandırılıblar.
Rəsmilər toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasına minnətdarlığını bildirib və törədilmiş vandlizmi pisləyiblər. İslam dünyası irsinin bərpasında və qorunub saxlanmasında Kompleksdə həyata keçirilmiş bərpanın, eləcə də, ümumilikdə Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-quruculuq işlərinin nümunəvi və valehedici olduğunu vurğulayıblar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре