Qobustan rayonunda sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qobustan rayonunda sahibkarlarla görüş keçirilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, kənd təsərrüfatı, tikinti, qida, mebel istehsalı və alternativ enerji sahələrində fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.

Görüşdə sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat verilib. Bölgədə fəaliyyət göstərən sahibkarların biznesə başlamaq və mövcud fəaliyyətlərini genişləndirmək üçün dövlət dəstəyi alətləri ilə bağlı informasiya, məsləhət və əlaqələndirmə istiqamətləri üzrə KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb. Sahibkarlarla əsasən biznesin maliyyələşdirilməsi, bu sahədə girov, dövlətin güzəştli kreditləri, torpağın icarəsi, Qobustanda biznes üçün imkanlar, iri ticarət şəbəkələrinə çıxışın dəstəklənməsi kimi mövzularda müzakirələr aparılıb.

Görüş çərçivəsində sahibkarların təklif və təşəbbüsləri, biznesə başlamaq və inkişaf etdirmək üçün çətinlikləri dinlənilib, sualları cavablandırılıb.