Azərbaycan və Çin arasında investisiya əməkdaşlığı üzrə İşçi qrupu yaradılacaq

Azərbaycan və Çin arasında investisiya əməkdaşlığı üzrə İşçi qrupu yaradılacaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə aprelin 23-də Pekində imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da deyilir. Birgə Bəyanatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzalayıblar.
"Tərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunu gücləndirməyi davam etdirməyə hazır olduqlarını ifadə etdilər. Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olundu. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.
Tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə etdilər.
Çin, Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi (CIIE), Çin İxrac və İdxal Məhsulları Yarmarkası (Canton Fair), Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası (CIFTIS), o cümlədən Çin Beynəlxalq İnvestisiya və Ticarət Forumu (CIFIT) daxil olmaqla, Azərbaycanın Çində keçirilən böyük sərgi tədbirlərində fəal iştirakını alqışlayır, Azərbaycan tərəfindən Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar platformasında, eləcə də Çin elektron ticarət şəbəkələrində tematik təqdimatların keçirilməsini və əlaqələrin qurulmasını dəstəkləyir. Azərbaycan Çinin aparıcı şirkətlərinin Azərbaycan ərazisində keçirilən böyük sərgilərdə və forumlarda iştirakını alqışlayır", - deyə Birgə Bəyənatda bildirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре