Övladın ana və atadan imtina etməsi MÜMKÜNDÜR?
Ölkəmizdə ailə münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Ailə Məcəlləsində övladın öz istəyi ilə valideynlik bağlarını qanuni olaraq qoparması və ya valideynlərindən rəsmən imtina etməsi barədə hər hansı bir prosedur yaxud hüquqi norma nəzərdə tutulmamışdır.
İnsan doğularkən onun valideynləri barədə məlumatlar dövlət orqanları tərəfindən rəsmi qeydə alınır və bu fakt şəxsin bütün həyatı boyu dəyişməz qalır. Hətta Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq və onlara qayğı göstərmək kimi qanuni vəzifəsi (aliment öhdəliyi) mövcuddur.
Digər tərəfdən, qanunvericilikdə övladın valideyndən imtinası olmasa da valideynlərin uşağa qarşı qanunsuz hərəkətləri zamanı valideynlik hüquqlarından məhrumetmə mexanizmi mövcuddur. Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər öz vəzifələrini yerinə yetirmədikdə, uşaqlara qarşı məişət zorakılığı törətdikdə və ya digər qanunazidd hallara yol verdikdə, məhkəmə qaydasında valideynlik hüquqlarından məhrum edilə bilərlər.
Lakin bu proses də övladın birtərəfli qaydada valideyndən imtina etməsi anlamına gəlmir. Sadəcə dövlət tərəfindən uşağın hüquqlarının qorunması məqsədilə atılan hüquqi bir addımdır. Yalnız uşaq yetkinlik yaşına çatmadıqda və başqa bir ailə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarəti altında rəsmən övladlığa götürüldükdə, onun bioloji valideynləri ilə olan hüquqi əlaqələrinə qanunla xitam verilə bilər.
Qısacası, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, övladın öz ana və atasından könüllü şəkildə imtina etməsi hüquqi cəhətdən qeyri-mümkündür.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре