İşəgötürənlər bu qaydalara əməl etməzsə

Azərbaycanda gündəlik 8 saatdan çox işləmək yalnız qanunun icazə verdiyi xüsusi şərtlərlə və işçinin razılığı ilə qanunidir. Əks halda bu, əmək qanunvericiliyinin kobud şəkildə pozulması sayılır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, ölkədə tam iş vaxtının gündəlik normal müddəti 8 saatdan, həftəlik normal müddəti isə 40 saatdan artıq ola bilməz. Bu limitlərdən artıq fəaliyyət "iş vaxtından artıq iş" hesab olunur və Məcəllənin 100-cü maddəsinə görə, hər bir işçi ard-arda gələn iki iş günü ərzində 4 saatdan, ağır və zərərli işlərdə isə 2 saatdan çox əlavə işə cəlb edilə bilməz.

Qanunvericilik həmçinin müəyyən edir ki, əgər işçi öz normal qrafikindən əlavə çalışırsa, onun əməyi mütləq şəkildə yüksək tariflə qiymətləndirilməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, iş vaxtından artıq vaxtda görülən işin hər saatı üçün işçiyə saatlıq tarif maaşının azı ikiqat məbləğində əlavə haqq ödənilməlidir. Eyni zamanda, qanunvericilik bu əlavə iş saatlarının pul əvəzinə başqa bir istirahət günü (otgül) ilə əvəz edilməsini qəti şəkildə qadağan edir. Həmçinin, istehsalat qəzalarının qarşısının alınması və ya dövlət müdafiəsi kimi müstəsna hallar istisna olmaqla, işçinin yazılı razılığı olmadan onun 8 saatlıq normadan artıq işlədilməsi hüquqi əsas daşımır.

İş vaxtı rejimini pozan və qanunsuz olaraq işçiləri normadan artıq işlədən işəgötürənləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən ciddi maliyyə sanksiyaları gözləyir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən, normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən işçinin əmək qanunvericiliyinin tələbləri pozulmaqla iş vaxtından artıq işlərə cəlb edilməsinə görə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə tətbiq olunur. Bundan əlavə, əgər əlavə iş saatlarının haqqı düzgün hesablanıb ödənilməzsə, Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq, işəgötürən vəzifəli şəxslər əlavə olaraq 700 manatdan 1 500 manatadək cərimə edilə bilərlər.

Nəsimi Ələsgərli