Azərbaycan və Rusiya aqrar sahədə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı və su resurslarının səmərəli idarə olunması məsələləri müzakirə edilib.
Day.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Prezidentinin iqlim və su ehtiyatları üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriev ilə görüşüb.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Tərəflər iqtisadiyyatın digər istiqamətləri ilə yanaşı, aqrar sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıblar.
Müzakirələr zamanı Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, aqrar sahəyə dair yeni Dövlət Proqramının əsas hədəflərindən biri olan su resurslarına qənaət məqsədilə suvarma sistemlərinin müasirləşdirilməsi, quraqlığa və xəstəliklərə davamlı bitki sortlarının qarşılıqlı sınaqlarının təşkili, hər iki ölkədə keçirilən beynəlxalq sərgilər, yarmarkalar və aqrar festivallarda qarşılıqlı iştirak, eləcə də qarşılıqlı maraq doğuran digər prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре