Bakıda məktəb və bağçaların dezinfeksiyası başa çatdırılıb

Day.Az представляет новость на азербайджанском языке.

Bakı şəhərindəki məktəb və məktəbəqədər təhsil müəssisələrində "donuz qripi" ilə bağlı dezinfeksiya işlərinin həyata keçirilməsi yekunlaşıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, məktəb və uşaq bağçalarında hər ay iki dəfə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

Direktor müavinin sözlərinə görə, bu ilin yanvarında kəskin resperator virus infeksiyaları ilə bağlı 300-dən çox şəxsdən götürülən nümunə yoxlanılıb. Onların heç birində H1N1 virusu aşkarlanmayıb.

Hazırda Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında epidemioloji vəziyyətin tam sabit olduğunu deyən A.Əliyeva qeyd edib ki, ölkədə "donuz qripi" ilə bağlı müayinələrin təşkili üçün kifayət qədər preparatlar var.

A.Əliyeva Azərbaycanda "Zika" virusu ilə bağlı narahatlığın olmadığını, ölkəmizin bu virusa yoluxma ehtimalının olmadığını da söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.