Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib

Almaniyanın paytaxtı Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, 30-a yaxın ölkədən Berlinə gələn soydaşlarımız, Azərbaycan evlərinin və "Qarabağ" Azərbaycan məktəblərinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı çıxış edən Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti, son illər diaspor təşkilatlarının yüksək səviyyədə təşkilatlanması baxımından həyata keçirilən çoxsaylı layihələr, xaricdəki həftəsonu Azərbaycan məktəblərinin "Azərbaycan dili" dərsliyi ilə təmin olunması və sair barədə danışıb.

Səfir diasporumuzun Ümumavropa Qarabağ mitinqində iştirakını yüksək qiymətləndirib. Qeyd edilib ki, diaspor təşkilatları xeyli güclənib və inkişaf edib. Görülən işlərin soydaşlarımızın birləşməsində, koordinasiya olunmasında, ümumiyyətlə, fəallığının artırılmasında rolu, Azərbaycanın mövqeyinin möhkəmlənməsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həmvətənlərimizin ardıcıl və yorulmaz fəaliyyət göstərdikləri nəzərə çatdırılıb.

Görüşdə çıxış edən təşkilat rəhbərləri və üzvləri bütün dünyada diaspor hərəkatının güclənməsi naminə görülən işləri təqdir etdiklərini bildiriblər. Müxtəlif ölkələrdə açılan Azərbaycan evlərinin və həftəsonu məktəblərinin, diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycan Alyansının təşkilatçılığı ilə keçirilən Ümumavropa Qarabağ mitinqinin əhəmiyyətindan danışılıb. Bu cür tədbirlərin dünya azərbaycanlılarının səsinin beynəlxalq təşkilatlara çatdırılması, diaspor təşkilatlarının birliyinin daha da artırılması, soydaşlarımızı ruhlandırılması baxımından önəmli olduğu vurğulanıb. Belə təşəbbüslərin intensivləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, Qarabağla bağlı məlumatların çatdırılması, tədbirlərin keçirilməsi baxımından beynəlxalq standartlara uyğun, dünya ictimaiyyətinin qəbul edəcəyi yeni formatlara üstünlük verilməsi kimi təkliflər irəli sürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.