Kamaləddin Qafarov: "Azərbaycanın geopolitik müstəvidə uğurları Ermənistanı siyasi iflasa aparır"

"Bu günlərdə öz işinə başlayan  mühüm bir tədbir dünya siyasətçilərinin, medianın, bütövlükdə isə ictimaiyyətin  böyük marağına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında reallaşan telefon danışığı  son dövrdə dünyada koronavirus pandemiyası ilə bağlı ən mühüm işbirliyi, dialoq kimi dəyərləndirilir". Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirmişdir. 

Onun sözlərinə görə, dövlətimizin başçısı telefon danışığında BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. BMT-nin Baş katibi Antonio Quterreş isə bir daha BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu bidirmişdir. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. BMT Baş katibinin dəstəyi Azərbaycanın dünyada artan nüfuzunun növbəti  nümunəsi hesab olunmalıdır. Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir. 

Millət vəkili xatırlatmışdır ki, hələ 2011-ci ildə Azərbaycan Prezident  İlham Əliyevin təşəbbüsü ilə dünyada  Qoşulmama Hərəkatına üzv qəbul edildi. Bu hadisənin Azərbaycanın həyatında  nə qədər mühüm rol oynadığına, cənab Prezidentin nə qədər uzaqgörən, düşünülmüş və düzgün addım atdığına  cəmi bir il sonra şahid olduq. 2012- ci ildə Azərbaycan məhz Qoşulmama Hərəkatına üzv olan dövlətlərin, həmçinin əlavə 35 dövlətin dəstəyi ilə  müstəqillik tarixində çox mühüm bir uğura imza ataraq BMT Təhlükəsizlik Şurasının qeyri -daimi üzvü seçildi,  bir neçə ay həm də BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu, Azərbaycanın son illər ərzində ən böyük  siyasi uğuru idi. 

Azərbaycanın  Təhlükəsizlik Şurasına sədrliyi dövründə BMT-də çox mühüm məsələlər müzakirəyə çıxarılmış və taleyüklü qərarlar qəbul edilmişdir. Təkcə bir faktı xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2012-ci il mayın 4-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilmiş, burada ölkəmizin təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə təhdidləri" mövzusunda müzakirələr aparılmışdır.  Azərbaycanın Prezidenti cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, konkret faktlar və sənədlərlə  Ermənistanın terroru dəstəkləyən işğalçı dövlət olduğunu bir daha dünyaya bəyan etmişdir. Ümumiyyətlə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə 59 iclas keçirilmiş, bu müzakirələrin yekunu üzrə müvafiq qətnamə, qərar və bəyanat qəbul edilmişdir. 

Kamaləddin Qafarov  qeyd etmişdir ki, yeri gəlmişkən, bədnam qonşumuz olan Ermənistan  həmin vaxtlar  Azərbaycandan əvvəl  BMT Təhlükəsizlik Şurasının qeyri -daimi  üzvü olmaq üçün çox böyük mübarizə apararaq bütün diasporu səfərbər etsə də, sonda biabırçılıqla məğlub olub geri çəkilmişlər. Məlum olmuşdur ki, Ermənistanın  ənənəvi dostu və müttəfiqi sayılan bir çox ölkə ona bu işdə dəstək verməkdən açıq şəkildə imtina etmişlər. Bu azmış kimi, Ermənistanın 2012-ci ildə  Azərbaycanın rəqibi olan, lakin sonda məğlubiyyətə uğrayan ölkəyə də cani-dildən köməklik göstərməsi haqqında  məlumatlar vardır.  

Ona görə bu gün də  işğalçı Ermənistanın bu təşəbbüsə qarşı çıxış etməsi  özünüifşa xarakteri daşıyır və xoşməramlı, mühüm bir humanitar təşəbbüsə etiraz etməklə Ermənistan  dünya ictimaiyyəti qarşısında  yenidən biabır oldu. Bu  bədnam strategiyanın  Ermənistanı siyasi iflasa doğru apardığını hətta bu ölkənin siyasətçiləri də açıq şəkildə etiraf edirlər. 

Millət vəkili bildirmişdir ki,  Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyası iyulun 10-da öz işinə başlayıb. Xüsusi sessiyanın əvvəlində  prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə müxtəlif liderlərin  çıxışlarının dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır.  Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası  koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq, insanlığın bu dəhşətli bəladan azad olunması prosesində  əhəmiyyətli tarixi hadisəyə çevriləcəkdir.