"Xudayar" təsnifi şit diringi deyil" - AzTV- dən millət vəkilinə sərt reaksiya

Millət vəkilinin iradına AzTV-dən reaksiya. AzTV millət vəkili Sabir Rüstəmxanlının televiziya kanalının "Oxuyur Vətən" layihəsi ilə bağlı iradına cavab verib.

TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin cavabında bildirilir ki, layihənin məqsədi gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır.

"Bəzən elə məsələlər var ki, sözün düzü, açıqlama vermək belə çətindir. Millət vəkili Sabir Rüstəmxanlının "Oxuyur Vətən" layihəsinə iradı, işğaldan azad olunmuş ərazilərdə səslənən "Qarabağ şikəstəsi", "Xudayar" təsnifi, "Qarabağ", "Ey Vətən", "Azərbaycan" və s. xalq və müəllif mahnılarının səsləndirilməsinə neqativ reaksiyası və həmin mahnıları "şit diringi" adlandırması əsla anlaşılan deyil. 

Sabir Rüstəmxanlının irad tutduğu "Xudayar" təsnifinin Zəngilanda dağıntılar fonunda ifasına gəlincə isə burada da nəyəsə irad tutulması başadüşülən deyil və məntiqsiz görünür. 

Çünki şəhidimiz Xudayar Yusifzadə bu təsnifi məhz Zəngilanda ifa edib və məhz Zəngilanda da şəhidlik zirvəsinə ucalıb. 

Bundan başqa, Azərbaycanın məqsədi ermənilərin işğal dövründə torpaqlarımızı viran qoyduğunu dünyaya çatdırmaqdır. "Oxuyur Vətən" layihəsinin də məqsədi, heç şübhəsiz ki, gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır. 

Üçüncüsü isə bu gün vətənpərvərlik mahnılarının Bakıda və ya digər bölgələrdə deyil, məhz işğaldan azad olunmuş ərazilərdə ifa edilməsinin çox ciddi siyasi, ideoloji tərəfi var. Yəni bütün bunları bir kənara qoyub görülən işə, xüsusən də "Xudayar" təsnifinə şit və diringi kimi yanaşmaq, düşünürük ki, heç kimə başucalığı gətirmir".

Xatırladaq ki, Vətən müharibəsinin ildönümü ilə bağlı Azərbaycan Televiziyasının ərsəyə gətirdiyi layihələrdən biri də "Oxuyur Vətən"dir. Layihənin hər buraxılışı işğaldan azad olunmuş bir rayonda, şəhərdə, kənddə çəkilir və düşmənin həmin ərazilərdə daşı daş üstündə qoymadığını, tarixi abidələri viran qoyduğunu musiqi dili ilə dünyaya nümayiş etdirir.