Prezident İlham Əliyevin Laçına qayıdış ilə bağlı verdiyi tapşırığını bir laçınlı olaraq böyük sevinc hissi ilə qarşıladım

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin tezliklə Laçına, Zabuxa, Susa qayıdışı ilə bağlı verdiyi tapşırığı bir laçınlı olaraq böyük sevinc hissi ilə qarşıladım.

Bunu Trend-ə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Laçın sakini Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Basqaldakı çıxışı bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt bir qarış torpağını da kiməsə güzəştə getməyəcək.

"Laçın tarixi, mədəni, hərbi baxımdan Azərbaycanın elə bir strateji ərazisidir ki, bu ərazidən nəinki Qarabağa nəzarət, eyni zamanda qərbi Zəngəzur ərazilərinin magistral yollarına belə nəzarəti əldə saxlamaq mümkündür. Laçın rayonunun çox hissəsi meşəlik və yaylaq əraziləridir. Laçın rayonunda bir nəfər də olsun erməni daimi qeydiyyatda olmayıb. Bundan başqa ermənilərə aid burada bir dənə də olsun abidə yoxdur. Ermənilərin Laçın rayonunun Zabux və Sus kəndlərindən köçərkən evlərə od vurmaları, talamaları ermənilərin vandallığının növbəti sübutdur. Ermənilər bu dəfə də heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmiş olurlar", - deyə o qeyd edib.