Tıxacda bunu edənlər CƏRİMƏLƏNƏCƏK
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tıxacda operativ nəqliyyat vasitələrinin (təcili tibbi yardım, yanğınsöndürən, polis və s.) açdığı xüsusi dəhlizə daxil olaraq onların arxasınca hərəkət etmək qəti qadağandır və inzibati məsuliyyət yaradır. Bu qayda pozuntusuna görə sürücülərə 100 manat məbləğində cərimə və 3 cərimə balı tətbiq olunur. Dövlət Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi kameralar vasitəsilə bu növ sui-istifadə hallarını ciddi şəkildə nəzarətdə saxlayır.
Hüquqi baxımdan bu məsələ iki əsas qanun maddəsi ilə tənzimlənir. İlk növbədə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən, üstün hərəkət rejiminə malik olan operativ avtomobillərin müşayiət etdiyi mütəşəkkil dəstələrə digər nəqliyyat vasitələrinin qoşulması qadağan edilir. Bu qaydanın pozulmasına görə tətbiq edilən sanksiya isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində (Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi) birbaşa öz əksini tapmışdır.
Bu cür davranışların qadağan edilməsinin əsas səbəbi yollarda hərəkət təhlükəsizliyini təmin etmək və insan həyatını xilas etməyə tələsən operativ xidmətlərin işini çətinləşdirməməkdir. Sıxlıq zamanı operativ avtomobilin arxasında yaranan müvəqqəti boşluqdan istifadə edərək irəliləməyə çalışan sürücülər həm ara məsafəsini pozur, həm də digər maşınlar üçün qəza riski yaradırlar. Eyni zamanda, bu süni maneələr təcili yardım və ya yanğınsöndürən maşınların mənzil başına vaxtında çatmasının qarşısını alır.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре