Azərbaycandakı partlayışlara "diksinməyənlər"

Azərbaycan uzun illərdir mina terroru ilə üz-üzədir.

Bunu Trend-ə açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyası İB-nin sədri Rey Kərimoğlu deyib.

O bildirib ki, işğalçı ölkə olan Ermənistan Azərbaycan torpaqlarına 1.5 milyon mina basdırıb.

"90-cı illərdən bu günə qədər Azərbaycanda 3400 nəfərdən artıq şəxs minaya düşüb. Onlardan 570 nəfəri həlak olub. 2020-ci il 10 noyabr bəyannaməsindən sonra isə 302 azərbaycanlı minaya düşüb. Onlardan 54 nəfəri dünyasını dəyişib. Demək olar ki hər gün mina qurbanı xəbəri eşidirik. Bu çox ciddi bir problemdir və Azərbaycan bu problemlə tək mübarizə aparır.

Dünyanın bütün ölkələrində minatəmizləmə aksiyalarında donor ölkələr və təşkilatlar var. Amma nədənsə həmin ölkə və təşkilatlar Azərbaycana bununla bağlı passiv yanaşır, ikili standartlar bu məsələdə də özünü göstərir. Azərbaycanın əraziləri 30 il işğalda oldu və biz bu prosesdə də ikili standartları gördük. Bu gün Ukrayna ilə bağlı bir çox ölkələr müdafiə addımı atır, amma həmin dövlətlər Azərbaycanla bağlı heç bir addım atmadı. İndi də mina ilə bağlı Azərbaycana ciddi kömək edilmir. Bəzi təşkilatlar kiçik sərmayələr qoysalar da, böyük həcmli layihələr həyata keçirilmir".