“Yüksəliş”in nəticələri nə vaxt məlum olacaq?

İmtahan başlayandan bu saatlara qədər hansısa qanun pozuntusu qeydə alınmayıb.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

O qeyd edib ki, imtahandan sonra iştirakçıların nəticələri şəxsi kabinetlərində yerləşdiriləcək.

"İki saatdan sonra nəticələr məlum olacaq. Artıq biz biləcəyik ki, sabahkı imtahanda kimlər iştirak etmə hüququ qazanacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı olan qabiliyyət üzrə yoxlama imtahanı keçirilir.

İmtahan günündə bütün imtahan mərkəzlərində qeydiyyat saat 10:00-da başlanıb və 10:40-da bitib. Qabiliyyət üzrə yoxlama imtahanının müddəti 2 saat 30 dəqiqədir. Qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə imtahanlarla bağlı daha ətraflı məlumat iştirakçıların şəxsi kabinetinə yerləşdirilən təlimatda izah olunub.

Bu mərhələdə müsabiqə iştirakçılarının verbal təhlil, rəqəmsal təhlil və abstrakt düşüncə bacarıqları təkrar yoxlanılır.

Onlayn mərhələdə keçirilən qabiliyyət üzrə imtahanda topladıqları balın 70 faizini, hər test bloku üzrə isə topladıqları balın ən azı 50 faizini təkrar edən iştirakçılar idarəetmə bacarıqları üzrə imtahanda iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.