Bizim “Azadlıq heykəli”miz işğaldan azad etdiyimiz ərazilərimizdir

Elçin Mirzəbəyli, siyasi şərhçi

Uzun-uzadı yazmayacağam. Mahiyyət onsuz da aydındır. Birləşmiş Ştatların "demokratiya", "insan haqları", "söz azadlığı" və Ağ Evin şər-böhtan kampaniyalarında proksi-beynəlxalq təşkilatlar tərəfindən bəhanəyaratma elementi kimi istifadə olunan digər elementlərlə bağlı, indi xüsusi izaha da ehtiyac qalmayıb. Soyuq müharibə dövründə səngər və pərdə arxasında gizlədilən obrazlar uzun illərdir ki, göz önündədir və emosiyalarını idarə edə bilənlərdə ikrah, acı təbəssüm doğurur, edə bilməyənlərdə isə soyuq duş effekti yaradır.

Bunlar indiyədək ayrı-ayrı bölgələrdə, əllərində olan transmilli təbliğat-təxribat resurslarından istifadə etməklə arzuladıqları, özlərinə uyğun və hakimi-mütləq olduqları reallıqlar çərçivəsində hərəkət ediblər. Düşünüblər ki, hər kəs məhz bu reallıqları qəbullənməli və ancaq onların sulallarına, həm də arzuladıqları kimi cavab verməlidir. Başqalarının haqlı suallarını isə yaxına belə buraxmayıblar.

Məsələn, ABŞ-nin üçüncü, dördüncü ölkələr, fondlar, ofşor şirkətlər və təşkilatlar vasitəsilə ayrı-ayrı dövlətlərin daxilinə nüfuz etmək, marionet rejimlər, casus və nüfuz müvəkkilləri şəbəkələri yaratmaq üçün ayırdıqları vəsaitlər "yardım", "demokratiyaya, söz və fikir azadlığına dəstək", amma başqalarının bundan daha kiçik miqyasda elədikləri "çirkli pulların yuyulması", "qeyri-demokratik rejimlərin maraqlarının qorunması" adlandırılır.

Bunun səbəbini soruşanda isə ya özlərini ABŞ demokratlarının simvolunun yerinə qoyurlar, ya da şər-böhtan kampaniyalarını daha geniş, daha aqressiv bir müstəviyə keçirirlər. Və ya "Amerika Tüfəng Assosiasiyası" və bu kimi digər təsisatlar, erməni diasporu tərəfindən senatorların, konqresmenlərin, prezidentlərin seçki fondlarına köçürülən pullara, müxtəlif qərar və qanunların qəbulu, yaxud əngəllənməsi üçün verilən rüşvətə "yardım", "dəstək", eyni mənzərənin başqa ölkələrdə, həm də miqyasına görə daha kiçik ölçülərdə ortaya çıxmasına "korrupsiya" deyirlər.

Bu və ya digər ölkənin ABŞ-də keçirilən seçkilərə müdaxilə etdiyi barədə ehtimallarını az qala insanlıq əleyhinə cinayət kimi qiymətləndirir, amma burunlarını həyasızcasına başqa ölkələrin daxili işlərinə soxanda, "rəngli inqilab" ssenarilərini gerçəkləşdirəndə, bunu "demokratiyaya dəstək" kimi qələmə verirlər.

Vaşinqtonun Amerikadan onminlərlə kilomertlər uzaqlıqda yerləşən ölkələrə silahlı müdaxiləsi nəticəsində yüzminlərlə günahsız insanın qətli, milyonlarla məzlumun öz ev-eşiyindən didərgin düşməsinə "ABŞ-nin milli maraqlarının müdafiəsi", başqalarının öz ərazi bütövlüklərini, suverenliklərini bərpa etmələrinə isə "etnik təmizləmə" damğası vururlar.

Ağ Evin qara niyyətlilərinə görə, ABŞ-dəki təşkilatlar vergidən 1 dollar yayındıranda cinayət məsuliyyətinə cəlb olunmalı, MKİ-nin QHT, media çətiri altında Azərbaycandakı nüfuz müvəkkillərinə Vaşintonun yaratdığı "donor təsisatları" vasitəsilə, həm də üçüncü ölkələr üzərindən ötürdüyü milyonlarla dolların hesabatının verilməməsinə görə isə kimsəyə "gözünün üzərində qaşın var" deyilməməlidir.

Təsəvvür edirsiniz, ABŞ-dəki hansısa media resursu heç bir gəlir mənbəyi, reklam gəlirləri olmadığı halda, geninə-boluna fəaliyyət göstərir, əməkdaşlarına yüksək məvacib verir, ezamiyyə xərclərini ödəyir və nəinki bütün bunların hesabatını vermir, hətta vəzifəsi hesabat tələb etmək olanları da təhdid edir, sonra da rahat şəkildə əllərini sallaya-sallaya gəzir... Təsəvvür edə bilməzsiniz, çünki bu, sadəcə mümkün deyil.

Onlarda olmaz, amma onların maraqları tələb edəndə başqa dövlətlərin ərazisində nə istəsən, etmək olar. Terror dəstələrinin və ayrı-ayrı cinayətkar şəbəkələrin yaradılması da həmçinin... Yetər ki, onların "köpəyinin oğlu" olmaq şərəfsizliyini qəbul edəsən...

"Məzun günü" keçirəcəkmişlər... Həm də ilin-günün bu vaxtında.

Maskaları yırtılıb, nüfuzları yerlə bir olub. İndi Azərbaycanda ABŞ-nin adı gələndə, eşidənlər Köçəryanın, Sərkisyanın ünvanına illər uzunu dediklərini yuvarlaq şəkildə, həm də birnəfəsə dilə gətirirlər.
Bizim "Azadlıq heykəli"miz işğaldan azad etdiyimiz ərazilərimizdir. Bizim azadlığımız dövlətimizin müstəqilliyinin qorunması, milli ləyaqətimizin bayrağımız kimi yüksəklərdə tutulmasıdır. Bizim azadlığımız qürurumuzda, şərəfimizdədir. Əsrlər boyu bunun üçün savaşmışıq və yenə də savaşacağıq!