Qərbin istədiyi "söz azadlığı"

Müəllif: Elvin Səxavətoğlu

ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətlərlə bağlı bir çox məxfi sənədləri dərc edən WikiLeaks saytının qurucusu Culian Assanjın məhkəmə prosesi davam edir.

Onun İngiltərədən ABŞ-a ekstradisiyası ilə bağlı London Ali Məhkəməsində işin ikinci iclası keçirilib.

Culian Assanjın məhkəmə prosesi

Assanj ABŞ-da 18 maddə ilə ittiham olunur. Onu 175 illik həbs cəzası gözləyir.

Casusluqda ittiham olunan Assanjın vəkilləri isə onun siyasi motivlərlə həbs olunduğunu iddia edirlər.

Məhkəmənin keçirildiyi binanın qarşısında Assanjı müdafiə edən tərəfdarları ona qarşı irəli sürülən ittihamların söz azadlığının boğulması kimi qiymətləndiriblər.

Aksiyada Böyük Britaniya Jurnalistlər Milli Birliyinin keçmiş rəhbəri Tim Douson, həmçinin Leyboristlər Partiyasının keçmiş lideri Ceremi Korbin də iştirak edir.

"Bu, 21-ci əsrin mətbuat azadlığı ilə bağlı ən vacib işdir. Məhkəmə başa düşməlidir ki, bu ölkədə insanların əksəriyyəti hesab edir ki, jurnalist həqiqəti söylədiyi üçün həbsxanaya düşməməlidir".

Assanj kimdir?

Culian Assanj avstraliyalı internet jurnalisti, Vikiliksin təsisçisidir.

O, ABŞ və onun müttəfiqlərinin İraq, Əfqanıstan və digər ölkələrdə qurduğu cinayətkar şəbəkələrdən, korrupsiya cinayətlərindən, hərbi cinayətlərdən və diplomatik sirlərdən ibarət məlumatları ictimaiyyələşdirmişdi.

Assanc barəsində 30 noyabr 2010-cu ildə İsveçdə 2 qadına qarşı təcavüz iddiası ilə həbs qərarı verilmişdi.

2012-ci ilə qədər bütün məhkəmə proseslərini uduzan Assanj Ekvadorun İngiltərədəki səfirliyinə sığınıb. O, 7 il səfirlikdə yaşayıb. 2019-cu ildə Assanj Ekvador səfirliyinin dəvəti ilə İngiltərə polisi tərəfindən həbs edilib.

Qərb istədiyi "söz azadlığı"

Məlumdur ki, Qərb sivilizasiyası digər xalqlar üzərində nəzarət mexanizmini diktə etmək üçün daim söz azadlığından və demokratiyadan "dərslər" keçməyə cəhd göstərir.

Amma söz azadlığından istifadə edən Assanjı 15 ildir təqib edir. Assanj Qərbin təbliğ etdiyi söz azadlığından istifadə edibsə, niyə təqib olunur?

Səbəb aydındır: Assanj, imperialist güclərin açılmasını istəmədiyi sirləri tirajladığı üçün həbs edilib.

Ona görə də o, Qərbdə təhlükəli cinayətkar hesab olunur.

Demək ki, demokratiya və söz azadlığının kökündə Qərbin imperialist maraqları durur. Əgər söz azadlığı onların maraqları ilə toqquşursa, onu boğmaq üçün əllərindən gələni edirlər. Assanj nümunəsi buna ən açıq sübutdur.