Almaniya Federativ Respublikasının Şərqi Biznes Assosiasiyasının Müşahidə Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib

Almaniya Federativ Respublikasının Şərqi Biznes Assosiasiyasının Müşahidə Şurasının sədri Katarina Klaas Mülhauzer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, hörmətli Prezident Əliyev.

İcazə verin Sizi yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbrik edim. Almaniyanın Şərqi Biznes Assosiasiyası adından Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Siz keşməkeşli geosiyasi dövrdə Azərbaycana rəhbərlik edirsiniz və bu dövr Rusiya-Ukrayna müharibəsi nəticəsində daha da çətinləşib. Azərbaycan logistika, bərpa olunan enerji sahələrində, eləcə də fosil yanacaqların mühüm təchizatçısı olaraq tərəfdaş kimi önəmli rol oynayır.

İqtisadi əlaqələri genişləndirməklə yanaşı, ölkəniz həm də regional əməkdaşlıqda əhəmiyyətli rola malikdir. İqtisadi baxımdan Almaniya Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Biz Bakının COP29-a ev sahibliyi edəcək şəhər kimi seçilməsi ilə bağlı qərarı alqışlayır və bu münasibətlə Sizi təbrik edirik.

Şərqi Biznes Assosiasiyası Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlıq edərək, bu il fevralın 26-29-da Bakıya səfər edəcək Almaniya şirkətlərinin 50 nəfərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcəkdir. Biz planlaşdırma məqsədilə Azərbaycanın Berlindəki səfirliyi ilə sıx əlaqə saxlayırıq və cənab Prezident, Sizinlə görüşümüzdən çox məmnun olardıq".