Azərbaycanda distant təhsil sisteminə keçmək mümkündür?

İnkişaf etmiş bir çox ölkələrin universitetlərinin tədrisi bəzi günlərdə distant formada həyata keçirilir, lakin Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində bu sistem tam olaraq tətbiq edilmir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, qəbul edilmiş "Təhsil haqqında" qanuna əsasən distant formada təhsil ölkədə tətbiqi mümkün olan təhsil alma forması kimi qeyd olunub.

Bəzi universitetlərin bakalavr səviyyələrində bu təhsil növü geniş tətbiq olunur, amma əksər ali məktəblər tələbə sayının çox olmasına baxmayaraq, bu sistemə keçid etmirlər.

Tələbələr isə universitetlərində tədrisin bəzi günlərdə distant formaya keçməsi ilə həm işləməyə, həm də əlavə təcrübəyə vaxt ayıra biləcəklərini deyirlər.

Təhsil ekspertləri bildirirlər ki, ölkədəki ali təhsil müəssisələrində sadəcə pandemiya dövründə tədricən distant təhsilə keçilib. Dünyanın qabaqcıl universitetlərinin də tətbiq etdiyi distant təhsil formasının bir çox üstünlükləri mövcuddur.

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, qiyabi təhsillə müqayisədə distant formada təhsilin üstünlüklərindən biri də odur ki, tələbələr təhsildən əlavə işləyərək təcrübə əldə edə bilirlər. Bu isə onların gələcəkdə rahat iş tapa bilmələrinə şərait yaradır. O həmçinin bildirib ki, Azərbaycanda distant təhsildə istifadə üçün kifayət qədər resurslar mövcuddur.

Ekspert həmçinin onu da vurğulayıb ki, ali təhsil müəssisələri distant formada təhsil sisteminə keçərsə bunun üçün tələbələrin dərslərdə davamiyyətinə dair ciddi nizamnamə də qəbul etməlidirlər.