Bu şəxslər evlərinə yaxın ərazidə işləyəcəklər - RƏSMİ
İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrində çalışan əməkdaşların əmək şəraitinin yaxşılaşdırılması və kadr resurslarının səmərəli idarə olunması məqsədilə TƏBİB tərəfindən yeni layihənin icrasına başlanılıb.
Day.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, işçilərin məmnunluq səviyyəsinin artırılmasına və iş effektivliyinin yüksəldilməsinə hədəflənən "Evimə yaxın iş" layihəsi çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində (Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri) çalışan tibb və qeyri-tibb işçilərinin faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinə iş yerinin dəyişdirilməsi imkanı verilir.
"Layihənin ilkin mərhələsində Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən bütün tabeli tibb müəssisələrinə işçilərin qeydiyyatdan keçmələri üçün onlayn anket forması təqdim olunub. Həmin anket formalarına öz məlumatlarını və istəklərini daxil etməklə əməkdaşlar qeydiyyatdan keçə bilər. Növbəti mərhələdə müraciətlər TƏBİB tərəfindən dəyərləndirilir və əldə olunan nəticəyə dair Bakı Baş Səhiyyə Mərkəzinə müvafiq məlumatlar təqdim edilir.
Bir daha qeyd edək ki, bu cür yeniliklərin məqsədi tibb müəssisələrində çalışan əməkdaşların vaxtdan səmərəli istifadə etməsinə şərait yaratmaq, iş prosesindəki aktivliyi artırmaq, sosial rifaha təsir etmək, davamiyyəti gücləndirmək və eləcə də avtomobildən istifadəni azaltmaqla ölkəmizdə həyata keçirilən ekoloji tədbirlərə dəstək verməkdir",- deyə məlumatda qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре