Kart təhlükəsizliyi və kibergigiyena: Dələduzluqdan necə qorunmaq olar?
Müasir dövrdə bank kartlarının təhlükəsizliyi əsasən istifadəçinin davranışından asılıdır.
Bunu Day.Az-a açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib.
O, kart vəsaitinin dəlduzlardan qorunması üçün vacib olan amilləri sadalayıb.
Ekspert bildirib ki, ən vacib qorunma üsullarından biri naməlum sayt və linklərdən uzaq durmaqdır.
"Sosial şəbəkələrdə tez-tez qarşıya çıxan "az məbləğ yatır, yüksək qazanc əldə et" kimi şirnikləndirici reklamlar əksər hallarda Fişinq adlanan kiber dələduzluq üsuluna aiddir. Bu cür sxemlər vasitəsilə istifadəçilər saxta səhifələrə yönləndirilir və onların kart məlumatları, şəxsi identifikasiya kodları (məsələn, FİN) ələ keçirilir. Ona görə də belə hallarda heç bir şəxsi və ya maliyyə məlumatını daxil etməmək əsas şərtdir", - o deyib.
E.Kərimov qeyd edib ki, digər geniş yayılmış risk bank adı ilə edilən saxta zənglər və mesajlardır:
"Dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edərək guya hesabdan şübhəli əməliyyat keçirildiyini və ya hansısa uduş əldə edildiyini bildirirlər. Bu zaman kart nömrəsi, CVV kodu və ya təsdiq mesajı tələb olunur. Unutmaq olmaz ki, real bank əməkdaşları bu cür məxfi məlumatları tələb etmir. Şəxsi məlumatlar sanki evinizin açarı kimidir - onu paylaşdığınız anda maliyyə təhlükəsizliyiniz risk altına düşür. Belə hallarla qarşılaşdıqda dərhal bankla rəsmi kanallar vasitəsilə əlaqə saxlamaq və məlumatları yoxlamaq lazımdır", - o vurğulayıb.
Həmçinin ekspert vurğulayıb ki, kart təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlər də mövcuddur.
"Əgər kartdan mütəmadi istifadə olunmursa, mobil tətbiq vasitəsilə müvəqqəti bloklama funksiyasından istifadə etmək tövsiyə olunur. Bununla yanaşı, Kibergigiyena qaydalarına riayət etmək vacibdir. Yəni parolların mütəmadi dəyişdirilməsi, mürəkkəb və çətin kombinasiyaların seçilməsi, heç kimlə, hətta ailə üzvləri ilə belə paylaşılmaması. Əgər artıq dələduzluq hadisəsi baş veribsə, dərhal kart bloklanmalı, banka və hüquq-mühafizə orqanlarına yazılı müraciət edilməlidir. Vəsaitlərin geri qaytarılması isə əməliyyatın xarakterindən və istintaqın nəticələrindən asılı olaraq dəyişə bilər", - deyə o bildirib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре