Cəmi 15 manatlıq cihaz həyatınızı xilas edə bilər - Dəm qazından necə qorunmaq lazımdır?
Xüsusilə payız-qış fəslində dəm qazından boğulmaların sayında artım müşahidə edilir. Hansı təhlükəsizlik tədbirləri zəruridir ki, bu kimi hallar baş verməsin?
Day.Az-a açıqlamasında "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə deyib ki, payız-qış mövsümündə qaz cihazlarından istifadənin artması dəm qazı ilə zəhərlənmə riskini də artırır.
O, qeyd edib ki, istilik və rahatlıq üçün istifadə etdiyimiz cihazlar düzgün quraşdırılmadıqda və təhlükəsizlik qaydalarına əməl edilmədikdə insan həyatı üçün ciddi təhlükəyə çevrilə bilər.
"Təhlükənin qarşısını almaq üçün ilk növbədə qaz cihazlarının düzgün quraşdırılması, tüstü bacaları və havalandırma sistemlərinin işlək vəziyyətdə saxlanılması vacibdir. Açıq məşəlli sobalardan istifadə zamanı otaqda mütləq havalandırma təmin edilməli, hamam otaqlarında qapının aşağı hissəsində hava dəlikləri olmalıdır. Əks halda oksigen çatışmazlığı yaranır və dəm qazı sürətlə məkan daxilində toplanır", - N.Məmmədzadə deyib.
Qurum rəsmisi qeyd edib ki, digər əsas risk amili nasaz tüstü bacalarıdır.
"Bacaların tutulması və ya düzgün quraşdırılmaması yanma məhsullarının yaşayış sahəsinə qayıtmasına səbəb ola bilər. Qaz cihazlarının qeyri-peşəkar quraşdırılması da təhlükəni artırır. Dəm qazından qorunmaq üçün qaz cihazları və tüstü bacaları mütəxəssislər tərəfindən yoxlanılmalı, bütün qurğular təhlükəsizlik və normativ tələblərə uyğun quraşdırılmalıdır.
Rəngsiz, qoxusuz və insan tərəfindən hiss olunmayan dəm qazına qarşı qabaqlayıcı tədbirlərdən biri dəm qazı (CO) detektorundan istifadədir. Dəm qazı detektoru qaz cihazlarının yerləşdiyi məkanlarda quraşdırılaraq havada karbonmonoksidin (CO) səviyyəsini izləyir. Təhlükəli konsentrasiya aşkar edildikdə, cihaz səsli siqnal vasitəsilə xəbərdarlıq edir. İlkin bazar araşdırmaları göstərir ki, yerli bazarda müxtəlif markalı dəm qazı detektorlarının qiyməti 15-45 manat arasında dəyişir", - o vurğulayıb.
N.Məmmədzadə diqqətə çatdırıb ki, detektor quraşdırılarkən aşağıdakılara diqqət yetirmək lazımdır:
- birbaşa qaz cihazının üzərində quraşdırmayın;
- pəncərə, ventilyasiya dəlikləri və istilik mənbələrinin bilavasitə yaxınlığında yerləşdirməyin;
- yüksək rütubətli məkanlarda quraşdırmayın;
- cihazın istehsalçı tərəfindən müəyyən edilmiş quraşdırma və istifadə qaydalarına əməl edin.
Siqnal səsi eşidildikdə:
- Pəncərələri açaraq məkanı havalandırın;
- Təhlükəsiz olduğu halda qaz cihazlarını söndürün;
- Dərhal məkanı tərk edin və təmiz havaya çıxın;
- Fövqəladə Hallar Nazirliyinin 112 Zəng Mərkəzinə və ya "Azəriqaz" İB-nin 104 Çağrı Mərkəzinə məlumat verin.
Unutmayın: dəm qazı detektoru təhlükəsizlik tədbirlərinin yalnız bir hissəsidir. Qaz cihazlarından düzgün istifadə, otaqların mütəmadi havalandırılması, baca və ventilyasiya sistemlərinin saz vəziyyətdə saxlanılması da həyati əhəmiyyət daşıyır. Təhlükəni görmək mümkün olmaya bilər, amma ona qarşı əvvəlcədən tədbir görmək mümkündür. Təhlükəsizlik hər birimizin məsuliyyətidir!
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре