Gürcüstanda elektrik enerjisinin verilişi bərpa edilib

Gürcüstanda genişmiqyaslı elektrik kəsintisindən sonra elektrik enerjisi təchizatı tam şəkildə bərpa olunub.

Day.Az xəbər verir ki, bu barədə "Gürcüstan Dövlət Elektrik Sistemi" şirkətinin rəsmi bəyanatında bildirilir.

"Saat 10:15-ə ölkə üzrə elektrik enerjisinin verilişi tam bərpa edilib. Qəzanın baş verdiyi müəyyənləşdirildikdən dərhal sonra "Gürcüstan Dövlət Elektrik Sistemi" enerji sisteminin bərpasına başlayıb. İntensiv və əlaqələndirilmiş işlər nəticəsində istehlakçılara elektrik enerjisinin mərhələli şəkildə verilməsinə mümkün qədər qısa müddətdə başlanılıb", - deyə açıqlamada qeyd olunub.

XXX
10:06

Gürcüstanın bir neçə şəhərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Day.Az xəbər verir ki, gürcü mediasının məlumatına görə, Tbilisi, Ozurgeti, Poti və Rustavi şəhərlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb.

Kəsintilər nəticəsində su nasoslarının fəaliyyəti də dayanıb. Bu səbəbdən Tbilisinin bəzi hissələrində su təchizatında problemlər yaranıb.

Elektrik paylayıcı şirkətlər baş verən kəsintilərin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, iyulun 24-də gecə saatlarında da Gürcüstanın müxtəlif bölgələrində elektrik enerjisinin verilişində fasilələr qeydə alınmışdı.