https://news.day.az/azerinews/1865691.html Fermerlərə kredit almağı asanlaşdıran qanun layihəsi Milli Məclisə təqdim olunub Fermerlərin gələcək məhsulla bağlı öhdəlikləri əsasında istehsala başlamazdan əvvəl maliyyə vəsaiti əldə etməsinə imkan verəcək məhsul şəhadətnaməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub.

Fermerlərə kredit almağı asanlaşdıran qanun layihəsi Milli Məclisə təqdim olunub

Azərbaycanca, 9 октября 2026 12:13 (UTC +04:00) 177
Fermerlərə kredit almağı asanlaşdıran qanun layihəsi Milli Məclisə təqdim olunub

Fermerlərin gələcək məhsulla bağlı öhdəlikləri əsasında istehsala başlamazdan əvvəl maliyyə vəsaiti əldə etməsinə imkan verəcək məhsul şəhadətnaməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqro Biznes Forumunda deyib.

O bildirib ki, təklif olunan mexanizm aqrar istehsalın əvvəlcədən maliyyələşdirilməsi imkanlarını genişləndirəcək. Şəhadətnamənin növündən asılı olaraq, istehsalçının öhdəliyini pul vəsaiti və ya məhsul təqdim etməklə yerinə yetirməsi nəzərdə tutulur.

Yalçın Camalovun sözlərinə görə, yeni alət fermerlər, təchizatçılar və maliyyə təşkilatları arasında etimadın güclənməsinə, aqrar sektorda maliyyəyə əlçatanlığın artırılmasına xidmət edəcək.

Agentlik sədri qeyd edib ki, müəyyən edilmiş meyarlara uyğun fermerlərə əkin subsidiyasının bir hissəsinin avans şəklində verilməsi də nəzərdə tutulur. Bu yanaşma mövsümün başlanğıcında yaranan vəsait ehtiyacının qarşılanmasına kömək edəcək.

"Artıq tətbiqinə başlanılmış faiz subsidiyası mexanizmi müəyyən edilmiş birillik bitkilərin istehsalı üçün kredit resurslarına çıxışı asanlaşdırır. Mexanizm istehsal vasitələrinin alınması və aqrotexniki xidmətlərin maliyyələşdirilməsi məqsədilə bir ilədək verilən kreditlər üzrə faizlərin müəyyən olunmuş şərtlər daxilində dövlət büdcəsi hesabına AKİA tərəfindən qarşılanmasını nəzərdə tutur", - deyə o bildirib.

Yalçın Camalov vurğulayıb ki, bu dəstək fermerlərin borclanma xərclərini azaldır, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə və özəl maliyyə resurslarının aqrar sektora yönəldilməsinə şərait yaradır.

O, dövlət dəstəyinin suya qənaət, texnoloji yenilənmə və məhsul itkilərinin azaldılması istiqamətində də genişləndirildiyini diqqətə çatdırıb. Müasir suvarma sistemlərindən istifadə edən təsərrüfatlara daha yüksək subsidiya, lazer hamarlamanın təşviqi, texnika və suvarma avadanlıqlarına diferensial güzəştlər bu tədbirlər sırasındadır.

Agentlik sədrinin sözlərinə görə, silos və soyuducu anbarlar kimi məhsulsaxlama infrastrukturuna dəstək, eləcə də aqrar istehsalda istifadə olunan günəş panellərinə güzəştlər sahibkarların investisiya imkanlarını genişləndirir.

Yalçın Camalov əlavə edib ki, emala təhvil verilən məhsullar üzrə subsidiyaların genişləndirilməsi, süd istehsalı və intensiv heyvandarlıq üçün yeni dəstək alətləri, balıqçılıq və akvakultura sahəsində məhsul subsidiyasının nəzərdə tutulması emal müəssisələrinin yerli xammalla təminatını yaxşılaşdırmağa və ölkə daxilində daha çox əlavə dəyər yaratmağa xidmət edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости