Azərbaycanın tanınmış şair və yazıçısı vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке.

Tanınmış şair və yazıçı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor İslam Məmməd oğlu Ağayev 81 yaşında dünyasını dəyişib

Bu barədə Bakuinfo.Az-a mərhumun dostu, şair Ələmdar Cabbarlı məlumat verib.

İslam Məmməd oğlu Ağayev 1932-ci il avqust ayının 20-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Bülbülədə 79, 208 və Sabunçu rayonundakı 51 nömrəli fəhlə-gənclər məktəbində almışdır. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində oxumuşdur. 1957-1960-cı illərdə Azərbaycan Dövlət kitabxanasında baş biblioqraf işləmişdir. 1960-cı ilin iyun ayında Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət edilmişdir. 1964-cü ildə "Satirik Zənbur jurnalı" mövzusunda namizədlik, 1984-cü ildə "Molla Nəsrəddin" jurnalı və XX əsrin əvvəlləri Azərbaycan Ədəbiyyatının ideya - bədii inkişafı problemləri" mövzusunda elmlər doktoru dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir. Bu vaxta kimi, XIX əsrin sonları - XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabi, 150-dən artıq məqaləsi dərc edilmişdir. Hazırda çap olunmaqda olan çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" kitabının müəlliflərindən biridir.

1976-1987-ci illərdə dərc edilmiş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın əsas məqalə və 2004-2005-ci illərdə dərc edilmiş 2 cildlik "Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası"nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindəndir.
 

Kaspi.az