“PAŞA Həyat” media reytinq üzrə sığorta bazarının lideridir
Azərbaycanın "Media Consulting and Services" araşdırma şirkəti tərəfindən cari ilin aprel ayı üzrə aparılan media monitorinq nəticəsində ölkənin dinamik inkişaf edən, həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC informasiya reytinqi üzrə sığorta şirkətləri sırasında liderlik mövqeyi nümayiş etdirib.
 

İnformasiya reytinqi üzrə aparılan araşdırma ölkədə fəaliyyət göstərən 29 sığorta şirkəti və bir təkrarsığorta şirkətini əhatə edib. Nəticə etibarı ilə "PAŞA Həyat Sığorta" ASC 60 ballıq göstərici ilə ilk yeri tutub.
 

Monitorinqin nəticəsi ilə bağlı hazırlanan reytinq hesabatında qeyd olunur ki, "PAŞA Həyat Sığorta" ASC ilə bağlı yayılan məlumatlar və press relizlər ölkənin 4 aparıcı qəzetində və 12 öncül informasiya agentliyi və portallarında dərc olunub. Hesabatda həmçinin "PAŞA Həyat"la bağlı neqativ xarakterli məlumatların dərc olunmadığı da əksini tapıb.
 

"PAŞA Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar- fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub.Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

"Media Consulting and Services" MMC media monitorinqlərinin icrasına 2004-cü ildən başlayıb. Qrup 70-dən çox KİV-də, o cümlədən qəzet , informasiya agentlikləri və on-line mediada televiziya kanallarını və radio dalğalarını (reklam və xəbərlər üzrə) izləyir.