Avropa İttifaqından bu dəfə ƏDALƏTLİ MÖVQE

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borelin BMT Təhlükəsizlik Şurasındakı uğursuz və qərəzli "performans"ından sonra Aİ Şurası Prezidenti Şarl Mişelin bəyanatı Brüsselin Cənubi Qafqazda, xüsusilə də Azərbaycanın son uğurlu antiterror tədbirlərindən sonra yaranan yeni vəziyyətə münasibətinin ermənipərəst Qərb siyasətçilərinin baxış bucağından fərqli olduğunu düşünməyə əsas verir.

Day.Az xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu həm də onu təsdiqləyir ki, Aİ Brüssel platformasının Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması prosesinin əsas müzakirə formatı kimi mövcudluğunda maraqlıdır və sözügedən təsisatın təmsilçilərinin qərəzli yanaşmalarının Avropa İttifaqının maraqlarına ciddi zərbə vura biləcəyini də yaxşı başa düşür.

"Bu xüsusda, Aİ-nin son açıqlaması Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallığın dünya birliyi tərəfindən qəbul edildiyini göstərir.

Bu yanaşma bir daha təsdiq edir ki, Aİ və digər beynəlxalq təsisatlar Azərbaycanın öz suveren ərazisində qanunsuz hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlik antiterror tədbirlərinin qaçılmazlığını qəbul etmək məcburiyyətindədirlər. Əks təqdirdə, dünyada mövcud olan yeni geosiyasi reallıqlar fonunda dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhədlərinin toxunulmazlığının prioritet təşkil etdiyi, aqressiv və silahlı separatizmin, eləcə də onun əsas "silahı" olan terrorizmin təzahürlərinə qarşı sərgilənən sərt və barışmaz bir mövqenin sərgiləndiyi zaman kəsiyində, Azərbaycanın öz suveren ərazilərində, yüksək peşəkarlıqla həyata keçirdiyi, yalnız legitim hərbi hədəflərin məhv edilməsinə və mülki əhalinin qorunmasına xidmət edən lokal antiterror tədbirlərinə münasibətdə, tamamilə gerçəklikdən uzaq, qərəzli, qeyri-obyektiv bir yanaşmanın nümayiş etdirilməsi ikili standartların ən eybəcər nümunələrindən birinə çevrilə və hazırda həyati əhəmiyyət kəsb edən əlaqələri qırılma nöqtəsində gətirib çıxara bilərdi.

Geridə qalan zaman kəsiyində, xüsusilə də torpaqlarımızın işğal altında olduğu dövrdə ikili standartların ən iyrənc, ikrah doğuran nümunələrini gördüyümüz üçün, şübhəsiz ki, bu qəbildən olan yanaşmalardan da təəccüblənməyəcəkdik. Amma görünür Qərb siyasətçiləri hazırki şəraitdə ikili standartların da bir işə yaramayacağını başa düşür, həmçinin Azərbaycanın yaxın 30-40 il ərzində Şərqi Avropadan ön və orta Asiyaya kimi nəhəng bir ərazidə oynayacağı rolu qiymətləndirməyi və hazırda cərəyan edən hadisələrin gedişatını proqnozlaşdırmağı bacarırlar", - deyə siyasi şərhçi vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının Qarabağın erməni əsilli sakinlərinə münasibətdə nümayiş etdirdiyi ədalətli və humanist mövqe, bölgədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər, ən azından SSRİ-nin süqutundan sonra postsovet məkanında və Şərqi Avropada gerçəkləşdirilən, mahiyyət etibarilə oxşar olan və olmayan hadisələrlə müqayisədə yeni prezident kimi qəbul oluna bilər.

"Azərbaycan erməni əsilli əhalinin hüquq və azadlıqlarının qorunması, təhlükəsizliklərinin təmin edilməsi, ehtiyaclarının ödənilməsi üçün mümkün olanın ən yaxşısını edir və səmimi şəkildə, mülki əhalinin yaşadıqları ərazidən köçməməsinə çalışır. Könüllü şəkildə və israrla Azərbaycan ərazilərini tərk etmək istəyənlərin isə azad seçimlərinə hörmətlə yanaşılır.

Antiterror tədbirləri, istisnasız olaraq, sülhün alternativinin olmadığını, aqressiv və silahlı separatizmə, terrorizmə münasibətdə nümayiş etdirilən ikili standartların, selektiv yanaşmaların isə çoxsaylı problemlərə, faydasız vaxt itkisinə səbəb olduğunu sübuta yetirir. İndiki şəraitdə, təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sülhün, təhlükəsizliyin, əminamanlığın, rifahın yeganə yolu dövlətlərin ərazi bütövlüklərinin və suveren hüquqlarının qorunması, münaqişə və müharibələrə yol açan neqativ hallara münasibətdə ikili standartlara yol verilməməsi, beynəlxalq və regional təhlükəsizlik mexanizmlərinin sıradan çıxarılmasına cəhd göstərilməməsidir. Ədalətli sülh, tarixin bütün dövrlərində olduğu kimi sabitliyin yeganə açarıdır", - deyə E.Mirzəbəyli əlavə edib.