Pirallahı rayonunda hesabat yığıncağı keçirildi
Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Bu ilin ilk 6 ayı ərzində qazanılan uğurlar 18 iyul 2014-cü il tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2014-cü ilin birinci yarımilində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak etdilər.

Hesabat yığıncağını giriş sözü ilə Pirallahı RİH Başçısı Vasif İmanov açaraq iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini və həmin iclasda möhtərəm Prezidentin 2014-cü ilin ilk 6 ayı ərzində Respublikamızın sosial-iqtisadi inkişaf dinamikasını müsbət qiymətləndirdiyini bildirdi. Daha sonra rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2014-cü ilin ilk 6 ayı ərzində görülən işlər haqqında İcra Hakimiyyəti Başçısının hesabatını əks etdirən video-çarxa baxmağa dəvət etdi.
 

Video-çarxda ilk olaraq Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr işıqlandırıldı. Bildirildi ki, hesabat dövründə Pirallahı qəsəbəsinin coğrafi məlumat bazası işlənib başa çatdırılmışdır. Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Qanununun tətbiqi ilə əlaqədar yeni müəyyən edilmiş sərhədlərdə mərzçəkmə işləri yekunlaşmışdır.

Cənab İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, Pirallahı qəsəbəsində 168 saylı orta məktəb üçün 15 əlavə sinif otağının və idman zalının tikintisi, 235 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, "Çobanyastığı" körpələr evi-uşaq bağçasının əsaslı təmiri, "Cırtdan" və "Bulaq" körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində "Qağayı" uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi mühüm bu və digər məsələlər əks olunub. Qeyd edək ki, hazırda Pirallahı qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2 bağçanın - 140 və 100 yerlik bağçalarının inşasına start verilib.
 

Bakı şəhəri Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın yüksək səviyyədə icrası və "Yüksək Texnologiyalar Parkı"nın tikintisinə yaxın müddətdə başlanması üçün sənədləşmə prosesi başa çatmaqdadır.
 

Daha sonra tikintisi və əsaslı təmiri başa çatdırılmış və davam edən işlərdən söz açılmış, qeyd edilmişdir ki, Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun bir çox hissəsi artıq istismara verilmişdir. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır. Nəqliyyat infrastrukturuna daxil olan "Pirallahı adası yanalma körpüləri kompleksi"nin tikintisi davam edir.

10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir. Birinci Qarabağ müharibəsi cəbhələrində şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının əziz xatirəsinə Pirallahı qəsəbəsində ucaldılmış "Vətən uğrunda" abidə-kompleksində inşaat işləri başa çatdırılmış, ətraf ərazidə abadlaşdırma işləri davam etdirilir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi başa çatdırılaraq, burada hazırda sazlama işləri görülür.
 

Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmışdır. Hazırda peçlərin və digər avadanlıqların quraşdırılması prosesi gedir. "Cörək və un məmulatları kombinatı" 30 min əhalini çörəklə təmin etməyə imkanı olan istehsal gücünə malikdir. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün proseslər tam avtomatlaşdırılmış kombinatda 30 nəfər işlə təmin olunacaqdır.

"Azərsu" ASC tərəfindən Dövlət Proqramına əsasən ümumi uzunluğu 150 km təşkil edən və ölkəmizin ən böyük layihələrindən biri olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Pirallahı və Gürgən qəsəbələrində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min m3 olan 6 anbar inşa olunur. Yaxın aylarda Pirallahı və Gürgən qəsəbəsinin sakinləri fasiləsiz şəkildə daimi və keyfiyyətli icməli su ilə təmin olunacaqlar.

Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası, Heydər Əliyev Mərkəzi və YAP Pirallahı Rayon Təşkilatının inzibati binasının tikintisinə başlanmışdır. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılmaq üzrədir. "Bakıelektrikşəbəkə" ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binası üçün S.Vurğun küçəsində 0,52 hektar torpaq sahəsi ayrılmışdır və həmin ərazidə inzibati binanın tikintisi aparılır.
 

"Nümunəvi Həyətlər" layihəsi çərçivəsində işlər ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla başa çatdırılmışdır. Daha sonra işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilmişdir. Pirallahı qəsəbəsində fəaliyyətsiz qalan və baxımsızlıqdan yararsiz vəziyyətə düşən 4 qazanxana tamamilə əsaslı təmir olunaraq tam istifadəyə hazır vəziyyətə gətirilmişdir.

S.Bağırov küçəsindəki gölün qurudulması işləri son mərhələyə çatmışdır. Yeni yaşayış massivinin - "Abad Məhəllə-1"in salınması üçün bu ərazidə 5 ha torpaq sahəsi ayrılmış və hazırda burada inşa olunan 48 mənzilli ilk binada inşaat işləri və kommunikasiya xətlərinin çəkilişi davam edir. İnzibati Mərkəzin arxa hissəsindəki göllərin qurudulması işləri də davam edir.

Yeni yaranmış rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının yaradılması prosesi davam edir. Rayonun Baş planının hazırlanması istiqamətində zəruri işlər görülməkdədir. Rayon mərkəzi olan Pirallahı qəsəbəsinin baş planı hazırlanıb başa çatmaq üzrədir və 2014-cü il iyulun 3-də Pirallahı Rayon İcra Hakimiyyətində aidiyyatı qurumların iştirakı ilə ilkin müzakirəsi aparıldı. Bu plana əsasən qəsəbənin İnzibati Mərkəzində müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidlərinin yerləşdirilməsinə başlanmış, MTN-nin Pirallahı Rayon Şöbəsinin, Rayon Məhkəməsi və Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Pirallahı Rayon Dövlət İdarəsinin inzibati binasının tikintisi məqsədilə müvafiq sahələr ayrılmışdır və tikintiyə başlanılması üçün sənədləşmə prosesi davam edir. Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsi müvəqqəti olaraq uyğunlaşdırılmış binada sakinlərə xidmət göstərməyə başlamışdır.
 

Rayon ərazisində qəzalı vəziyyətdə olan binalar müəyyənləşdirilmiş, Bakı səhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə həmin binalara baxış keçirilmiş və zəruri olan tədbirlərin həyata keçirilməsi üçün işlər davam etdirilməkdədir.
 

İnsanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il fevral ayının 17-dən may ayının 1-dək Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Pirallahı rayonunda da əhali tibbi müayinədən keçirilmişdir. Bütövlükdə rayon üzrə 13 266 nəfər sakin, yəni əhalinin 67,48%-i tibbi müayinədən keçmişdir.
 

Ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Məlum olduğu kimi sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteynerləri quraşdırılmışdır.

Dəniz sahili boyunca 6 km-ə qədər ərazidə bulvar, park və yaşıllıqlar, çimərliklər salınacaq və artıq bu məqsədlə müvafiq hazırlıq işlərinə başlanılıb. Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası davam etmiş, rayonun bütün ərazisi boyu idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, 1000-dən çox ağac və 10 mindən çox mövsümi gül kolları əkilmişdir. Gürgan, Çilov və Neft Daşları qəsəbələrində abadlıq-quruculuq və yaşıllaşdırma işləri sistemli şəkildə davam etdirilmişdir. Yay mövsümünün başlanması ilə əlaqədar Pirallahı rayonu ərazisində 3 ədəd çimərlik təşkil edilmiş, ətraf sahələrdəki baxımsızlıq və antisanitar vəziyyət aradan qaldırılaraq, istirahət üçün lazımi şərait yaradılmışdır. Ərazidə 20 ədəd günlük quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Görülən bütün bu işlər sakinlər tərəfindən də rəğbətlə qarşılanır.
 

Video-çarxda rayonun ərazisi və əhalisi, vətəndaşların qəbulu, təhsil və idman sahəsində əldə edilmiş uğurlar, iqtisadi göstəricilər barədə də ətraflı məlumat verilmiş, Pirallahının prespektiv inkişaf planlarından geniş söhbət açilmışdır.
 

Hesabat ətrafında çıxış edən "28 May" NQÇİ-nin rəisi Rövşən Qarayev, Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, 243 №-li tam orta məktəbin direktoru Vaqif Tarverdili və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2014-cü ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər. "Pirallahı rayonunda 2014-cü ilin birinci yarımilində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair" qərar layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı və səsə qoyularaq yekdilliklə qəbul edildi.

Yeni yaradılmış Pirallahı rayonunda 2014-cü ilin birinci yarısında görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, pirallahılılar növbəti 6 ayda da qarşıda duran vəzifələri uğurla yerinə yetiriləcəklər, ilə yüksək göstəricilərlə yekun vuracaqlar. Prezident İlham Əliyev qeyd edir ki, "Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik!" Pirallahı zəhmətkeşlərinin məqsədi isə rayonumuzu bu inkişaf etmiş ölkənin ən cazibədar guşələrindən birinə çevirməkdir.