"Milli Şura" və AXCP-nin əsas məqsədi nədir? - Vüqar Rəhimzadə açıqladı

"Milli Şura" və AXCP-nin əsas məqsədi ölkədə xaos yaratmaq, ictimai-siyasi vəziyyəti gərginləşdirməklə Azərbaycanın dövlət müstəqilliyinə xələl gətirməkdir. Oktyabr ayının 19-da baş vermiş hadisələr bunu bir daha nümayiş etdirdi. Əli Kərimli və digər antimilli ünsürlər qanunsuz aksiyadan anti-Azərbaycan təbliğatında istifadə etməyə, dövləti hədəf götürərək mənəviyyatsız qara piar kampaniyası aparmağa və bununla da özlərini reklam etməyə cəhd etdilər. Ancaq bu dəfə də onların cəhdləri iflasa məhkum oldu.

Milli.Az bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bu cür icazəsiz mitinqlərin keçirilməsinə cəhd edilməsinin bəzi qaranlıq məqamlarına aydınlıq gətirib: "Radikal müxalifətin qeyri-qanuni aksiyasının qarşısının alınması zamanı polisin qanuni tələblərinə əməl etməyən, təhrikçi, təxribatçı fəaliyyətlə məşğul olan, konstitusiyaya zidd şüarlar səsləndirərək ictimai asayişi pozan və digər qanunazidd əməllər törədən şəxslərə, o cümlədən aksiyanın təşkilatçılarına və fəallarına qarşı məcburetmə tədbirləri tətbiq etməsi ətrafında xüsusi canfəşanlıqla ajiotaj yaradılır, məsələnin beynəlxalq təşkilatların gündəminə gətirilməsinə, ölkəmizə qarşı hansısa bəyanatların verilməsinə ciddi cəhdlər olunur".

"İki sahil" qəzetinin baş redaktoru bildirib ki, ifşa olunan radikal müxalifət son olayların maksimal şəkildə gündəmdə saxlanılmasına, bununla da ictimai rəyin çaşdırılaraq ciddi narazılıq formalaşdırılmasına cəhdlər edir: "Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyanın şəhərin mərkəzində keçirilməsini məqsədəuyğun saymamış, onun müvafiq yerdə təşkil olunmasını münasib hesab etmişdi. Hətta, aksiyadan əvvəl təşkilatçılar və fəallar polis şöbələrinə çağırılmış, onlara aksiyanın qarşısının qanunun tələblərinə uyğun olaraq sərt şəkildə alınacağı bildirilmişdi. Eləcə də xəbərdarlıq olunmuşdu ki, onun nəticələrinə görə təşkilatçılar və iştirakçılar məsuliyyət daşıyacaqlar. Lakin ölkə daxilindəki destruktiv qruplar və xaricdə sığınacaq tapmış anti-Azərbaycan ünsürlər küçə yürüşünə cəhd zamanı və yürüşün qarşısı alındıqdan sonra sosial şəbəkələrdən istifadə edərək Konstitusiyaya zidd çağırışlar səsləndiriblər, Azərbaycanın qanunlarını kobud surətdə pozmağa cəhd ediblər. Radikal müxalifət isə bu məsələləri arxa plana keçirməyə və əsas diqqətin polislərin məcburetmə hərəkətlərində fokuslaşdırılmasına çalışır".

"Əsas təxribatlar və çağırışlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli başda olmaqla, onun bir neçə adamdan ibarət cinayətkar dəstəsi bütünlüklə destruktiv qrupa çevrildiyini, hüquq müstəvisindən kənara çıxdığını və anti-Azərbaycan dairələrin əlində təhlükəli vasitə olduğunu bir daha göstərir" - deyən Vüqar Rəhimzadə əlavə edib ki, insanların təxribatçıların qanunsuz hərəkətlərinə və çağırışlarına etinasızlığı dağıdıcıların xalq arasında dayaqlarının olmamasından, vətəndaşların bu cür təxribatları dəstəkləməməsindən və qətiyyətlə pisləməsindən xəbər verir: "İnsanlar dağıdıcıların əsl niyyətlətini, məqsədlərini yaxşı anlayırlar və ona görə də bu cür qanunsuz cəhdlərə reaksiya belə vermirlər. Bunun əksinə olaraq isə sifariş yerinə yetirən destruktiv qruplar vətəndaşların rahatlığını pozurlar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.