Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Masallı rayon polis şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Məhərrəməli Məmmədov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən 3 bükümdə psixatrop maddə olan metamfetamin, ona məxsus avtomobildən 12 bükümdə ümumi çəkisi 17,76 qram metamfetamin, 2 ədəd metadon tərkibli dərman preparatı, 1 ədəd bükümdə çəkisi 145 qram narkotik vasitə tiryək və 1 ədəd xəncər aşkarlanaraq götürülüb.

Bundan başqa, Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayonu Seyidimli kənd sakini Zöhrəddin Vəliyevdən 1 ədəd " İJ-16" markalı müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.