Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli mətbuata müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistanın təxribatçı əməlləri ilə bağlı həm Ermənistana, həm də onun havadarlarına çox ciddi və açıq mesajlar verdi.

Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və status kvonu saxlamaq üçün bütün çirkin əməllərə və təxribatlara əl atır.

A.Həsənova qeyd edib ki, Ermənistanın çirkin əməllərindən biri də bütün beynəlxalq qanunları ayaqlar altına ataraq işğal edilmiş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma həyata keçirərək demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd etməkdir:

"Ermənistan artıq uzun müddətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti aparır. Ermənilər işğal altındakı ərazilərimizdə 1992-ci ildən başladıqları qanunsuz və süni məskunlaşdırma siyasətini bu gün də davam etdirərək beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə konvensiyasını kobud şəkildə pozur, beynəlxalq qanunları, beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri heçə sayır.

Suriyadan, İraqdan və Livandan Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülən ermənilər isə əsasən həmin ölkələrdə terrorçuluq fəaliyyəti ilə məşğul olan muzdlu döyüşçülərdir.

Ermənistanın xarici ölkələrdən muzdlu döyüşçülər gətirməsi uzun müddətdir ki, intensiv şəkildə davam edir. Azərbaycana qarşı Ermənistanın apardığı müharibədə xarici ölkələrdə yaşayan erməni terrorçular və muzdluların iştirak etməsi sirr deyil. Hətta keçmiş prezident Serj Sərkisyan ilk dəfə Prezident seçkilərinə qatılanda seçicilərlə görüşündə Suriya və İraqdan 60 min PKK üzvünün Dağlıq Qarabağa gətiriləcəyini bildirmişdi. Bu proses bu gün də davam etməkdədir və Livandan da ermənilərin işğal edilmiş ərazilərimizə köçürülməsi həyata keçirilir.

Livanın paytaxtı Beyrutda baş verən partlaışdan sonra həmin ölkədən ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi prosesi daha intensiv xarakter alıb. "Respublika Armeniya" saytının verdiyi məlumata görə, Livandan 20 min erməni ailəsinin gətirilməsi planlaşdırılır. Avqustun axırlarında isə 800 erməni İrəvan vasitəsi ilə Dağlıq Qarabağa gətirilib.

Ermənistan çalışır ki, işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda etnik ermənilərin sayını qeyri-qanuni köçürmələr hesabına 300-500 min nəfərə çatdırsın. Həmin insanların əsasən terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq bunun region üçün nə dərəcədə təhlükəli bir proses olduğunu aydın görürük".

A.Həsənova qeyd edib ki, terroru dövlət siyasətinə qaldıran Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi beynəlxalq müharibə cinayəti hesab olunur:

"Ermənistan bu hərəkəti ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkir. Buradan aydın görünür ki, Ermənistan danışıqlar prosesindən imtina edir və münaqişənin hərbi yolla həll ediməsinə zəmin yaradır.

Ermənistanın baş naziri Nikol Paşinyanın və arvadı Anna Akopyanın Tovuz hadisələrindən sonra davranışları da bu ölkənin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya qoyur.

Tovuz hadisələrindən sonra avqustun 29-da Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, orada yaratdığı erməni hərbi birləşmələri ilə görüşü, o cümlədən Paşinyanın arvadı Anna Akopyanın 25-31 avqust tarixlərində özü kimi qadınları da yığaraq Azərbaycanın işğal altındakı Xocalı şəhəri yaxınlığında hərbi təlimlər təşkil etməsi açıq aydın Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur və sülh danışıqlarından imtina etməsi anlamına gəlir. Baş verən bu hadisələrin ardıcıllığı onu göstərir ki, danışıqlar prosesini pozmaq və status kvonu dəyişməz saxlamaq üçün bütün təxribatlara əl atır, bütün beynəlxalq qanunları kobud şəkildə pozur".

Deputat vurğulayıb ki, dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda indiyə qədər Ermənistan öz çirkin əməllərindən geri çəkilmir:

"Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların erməni işğalı ilə bağlı qəbul etdiyi qətnamələr və sənədlər hər kəsə yaxşı məlumdur. Lakin Ermənistan bu sənədlərin heç birinə məhəl qoymur və öz qanunsuz əməllərini davam etdirir. Təəssüfləndirici amil isə ondan ibarətdir ki, Ermənistana qarşı həmin beynəlxalq təşkilatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu heç bir təzyiq göstərmir. Ermənistan isə bu cəzasızlıqdan ilham alaraq növbəti cinayətlərə, qanunsuzluqlara və təxribatlara əl atır.

Bütün baş verənlər eyni zamanda onu göstərir ki, Ermənistan növbəti təxribatlara və müharibəyə hazırlaşır. Cənab Prezident İlham Əliyev müsahibəsində bu məsələni də qeyd edərək Ermənistana layiqli cavab veriləcəyini diqqətə çatdırdı.

Dövlət başçsı bir daha bəyan etdi ki, Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək: "Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik".

Ermənistan cənab Prezident İlham Əliyevin bu mesajından nəticə çıxarmalıdır. Bu gün bütün beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir, öz torpaqlarını erməni terrorçularından təmizləmək Azərbaycanın haqq işidir və beynəlxalq qanunlara tam uyğundur. Eyni zamanda Azərbaycanın qüdrətli ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Həm Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər Azərbaycan ordusunun gücünü və döyüş əzmini, xalqımızın vətənpərvərlik ruhunu, Ermənistanın isə zəifliyini və acizliyini ortaya qoydu. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacq.

Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır. Azərbaycanın işğal altındakı ərazilərinə köçürülən ermənilər isə unutmamlıdırlar ki, onlar bu ərazilərdə daimi yaşaya bilməyəcəklər. Azərbaycan mütləq öz ərazi bütövlüyün bərpa edəcək və işğal edilmiş ərazilərimizi bütün erməni terrorçularından təmizləyəcək".