Fevralın 16-dan bu şərtlərlə ölkəyə gəlmək icazə veriləcək

Filippin hökuməti koronavirusa qarşı peyvəndi tam alan əcnəbilərə 2022-ci il fevralın 16-dan ölkəyə gəlməyə icazə verəcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Filippin Prezidentinin mətbuat katibinin vəzifələrini icra edən Karlo Noqrales brifinq zamanı məlumat verib.
"2022-ci il fevralın 16-dan başlayaraq Filippinə gələn bütün əcnəbilərdən tam peyvənd olunma barədə sənəd tələb ediləcək", - deyə K.Noqrales bildirib. Bununla yanaşı o, bu qaydanın səyahət edənlərin bəzilərinə şamil olunmayacağını da qeyd edib. Buraya 18 yaşına çatmayan uşaqlar, peyvəndin qəbuluna səhiyyə orqanları tərəfindən icazə verilməyən şəxslər, əcnəbi diplomatlar və onların himayəsində yaşayanlar aiddir.
Həmçinin qeyd edilir ki, Nəqliyyat Nazirliyinə aviaşirkətlərə Filippinə gələn əcnəbilərdən tam peyvənd olunma haqda sənəd tələb etmələri barədə tapşırıq verilməsi də həvalə olunub.
Əlavə olaraq bildirək ki, bu barədə bəyanat Filippində bir gün əvvəl qeydə alınan gündəlik 34 mindən çox yoluxma barədə məlumatın yayılmasından sonra verilib. Bu, 2020-ci ilin martından sonra Filippində qeydə alınan ən yüksək yoluxma göstəricisidir.
Ümumilikdə 109 milyon əhalisi olan Filippində koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 30-da qeydə alınıb. Son məlumatlara görə bu respublikada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 90 min nəfər təşkil edir, onlardan 52 min 700-ü həyatını itirib.
Hazırda bütün ölkə üzrə peyvəndin hər iki dozasını 54 milyon 40 min nəfər alıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре