Əczaçılıq üzrə biznes subyektləri KOBİA-nın dəstək və xidmətlərdən faydalana bilərlər

Əczaçılıq sektorunda fəaliyyət göstərən biznes subyektləri KOBİA tərəfindən təmin edilən bir sıra dəstək və xidmətlərdən faydalana bilərlər.

Trend-in məlumatına görə, bunu "Əczaçılar Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, müxtəlif regionları əhatə edən KOB İnkişaf Mərkəzləri, KOB Evləri və KOB Dostu şəbəkəsi bizneslərin inkişafının bütün mərhələlərində onlara xidmət edən və təşəbbüslərin reallaşdırılmasına yardım edən mühüm infrastruktur vasitələridir.

"Həmçinin, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, Startap şəhadətnaməsi, sərgilərdə iştirak, iri ticarət şəbəkələrinə çıxış və s. istiqamətlərdə müvafiq dəstək alətlərimiz mövcuddur. Düşünürəm ki, əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətlərin, aidiyyəti maraqlı tərəflərin və qurumların nümayəndələrinin iştirakı ilə keçirilən hazırkı konfrans birgə fikir mübadiləsinin aparılması, eləcə də sektorun inkişaf perspektivlərinin və qarşıda duran çağırışların müəyyən edilməsi istiqamətində əlverişli platforma təmin edəcəkdir.

Əminəm ki, dövlət-sahibkar tərəfdaşlığı çərçivəsində birgə səylərimiz nəticəsində əczaçılıq sektorunda yeni-yeni uğurlu biznes layihələrinin reallaşmasının şahidi olacağıq", - deyə O.Məmmədov bildirib.