Mart soyqırımı Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir - RƏY
31 Mart - Azərbaycanlıların soyqırımından 105 il keçir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə bildirib ki, 1918-ci il 30 martda başlayan və aprel ayının 3-ə qədər davam edən qətliam məhz Bakı şəhərində başlamışdı.
"Həmin hadisələrə rəhbərlik edən məhz Şaumyan olub. Erməni daşnak birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaqlar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törədirdilər. Martın 30-u və aprelin ilk günlərində qırğınar kütləvi xarakter aldı, minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 10 mindən artıq azərbaycanlını qətlə yetirdilər. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı və qəddar faciələrdən biridir.
On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar qılıncdan, süngüdən keçirilərək diri-diri yandırılıb, milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıdılıb, məscidlər və məzarlıqlar təhqir edilib", - deyə deputat bildirib.
S.Hüseynova vurğulayıb ki, bu soyqırımın amansızlığını xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnak terrorçuları uşaqlara, qadınlara, qocalara qarşı amansızlıq törətmişdilər.
"Bakıda törədilən bu qətliamlar Azərbaycanın digər bölgələrində də davam edib. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar.
Bununla yanaşı, 1918-1919-cu illərdə təkcə Qubada ermənilər tərəfindən 3 minə qədər yəhudi qətlə yetirilib.
O zaman Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu cinayətləri araşdırmaq üçün xüsusi bir komissiya yaradılıb. Ancaq bu hadisələrə ilk siyasi qiyməti Ulu öndər Heydər Əliyev verib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayıb və yerli tarixçilərə bu hadisələrin araşdırılması tapşırılıb.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev 2009-cu ildə Qubada törədilmiş soyqırımı faktı olan kütləvi məzarlıq üzərində "Soyqırımı memorial kompleksi"nin yaradılmasına qərar verib və 2013-cü ildə sentyabrın 18-də həmin kompleks açılıb. Bu tədbirlərin görülməsi erməni faşizminin ifşası və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük əhəmiyyətə malik olan təşəbbüslərdir.
Bu gün biz xüsusi qürurla onu deyə bilərik ki, vaxtilə xalqımıza qarşı törədilmiş soyqırımların, qətlə yetirilmiş insanların qanı yerdə qalmamış və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 44 günlük vətən müharibəsi zamanı xalqımıza qarşı 2 əsr boyunca törədilmiş qətliamların qisasını alıb və torpaqlarımız işğaldan azad edilib", - deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər. Mart soyqırımları zamanı Şamaxıda törədilən cinayətlər xüsusilə diqqət cəlb edir. Belə ki, Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib.
Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar tərəfindən aparılan bir sıra araşdırmalardan sonra müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub" - deyə deputat bildirib.
O qeyd edib ki, ermənilərin kütləvi soyqırımı törətdikləri digər bir bölgə isə Quba olub ki, burada öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb", - deyə deputat bildirib.
O əlavə edib ki, erməni-bolşevik silahlı dəstələrinin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalayıb.
"Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirilib, həmçinin Milli Məclisdə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas baş tutub", - deyə C.Osmanov əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре