Seulda “Heydər Əliyev İli” şərçivəsində Azərbaycan icması ilə görüş olub

Seul şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Koreya Respublikasındakı Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin əməkdaşları, Seul və Decon (Daejeon) şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın və Koreyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Heydər Əliyevə həsr olunan "Qaliblər əbədi yaşayır" sənədli filmi nümayiş olunub.

Tədbir "BUTA" Azərbaycan-Koreya Dostluq Assosiasiyasının sədri Cəmil Vəliyevin görülən işlər barədə hesabatı ilə davam edib. O, Komitə ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib. 

Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov çıxışında ulu öndərin müxtəlif dövrlərdə qəbul etdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan  bəhs edib, icma üzvlərini maraqlandıran bir sıra məsələlərə toxunub, diasporumuzun fəaliyyətindəki müsbət məqamlardan danışıb.

Görüş iştirakçılarını salamlayan Dövlət Komitəsinin sədri Fuad Muradov müasir Azərbaycanın və ölkəmizin diaspor quruculuğunun banisi Heydər Əliyevin tariximizdə misilsiz xidmətlərindən danışıb. "Heydər Əliyev İli" çərçivəsində bütün dünyada müxtəlif xarakterli tədbirlərin gerçəkləşdirildiyini diqqətə çatdırıb. 

Komitə sədrinin hesabat xarakterli təqdimatı zamanı ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən diaspor quruculuğu, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısı, DİDK-nın çoxşaxəli fəaliyyət istiqamətləri, xarici ölkələrdə 20 Azərbaycan Evinin, 15 Koordinasiya Şurasının fəaliyyət göstərdiyi, "Qarabağ", "Nizami Gəncəvi" və başqa adlar altında təşkil olunmuş Azərbaycan həftəsonu məktəbləri, Azərbaycanlı Alimlərin Forumu, "Heydər Əliyev İli" çərçivəsində bu il Naxçıvanda keçiriləcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi barədə ətraflı məlumat verilib. 

Komitə sədri Koreyada Azərbaycan icmasının yerli cəmiyyətə sıx inteqrasiyasını, bu ölkədə Vətənimizin həqiqətlərini maraqlı layihələrlə koreyalıların diqqətinə çatdırmağa çalışmasını müsbət qiymətləndirib.

Komitə adından Azərbaycanın təbliği işində göstərdikləri xidmətə görə "BUTA" Azərbaycan-Koreya Dostluq Assosiasiyasına və assosiasiyanın üzvü, təhsil sahəsi üzrə tədqiqatçı Leyla Məsimliyə təşəkkürnamə plaketləri təqdim olunub.

Müzakirələrin gedişində çıxış edən icma üzvləri - Hankuk Xarici Dillər Universitetinin professoru, politoloq Rövşən İbrahimov, "GLOW Academy" şirkətinin əməkdaşı Ümman Li, təhsil mütəxəssisi Nərgiz Məlikova, Kyung Hee Universitetinin tələbəsi Sevinc Nuriyeva, KOIKA xətti ilə Koreya Respublikasında təhsil alan Rüstəm Abdullazadə, KAİST Universitetinin tələbəsi Mətin Muradlı  və başqaları ölkəmizin Koreya Respublikasında tanıdılması, tariximizin, mədəniyyətimizin geniş təbliği, gənclərin Yay Düşərgəsi ilə yanaşı digər layihələrdə də iştirak etməsi, universitetlərlə əlaqələrin genişləndirilməsi, mübadilə proqramlarının artırılması, Türk Dövlətləri Təşkilatı çərçivəsində diaspor birliyinin Koreyada bir araya gəlməsi, tanınmış koreyalı bloggerlərlə əməkdaşlıq perspektivləri, youtuber fəaliyyətinin gücləndirilməsi, uşaq ədəbiyyatı ilə bağlı təkliflərini səsləndiriblər. Soydaşlarımız Cənub-Şərqi Asiya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsinin və Azərbaycan Evinin yaradılmasının vacibliyini də vurğulayıblar.

Görüş sualların cavablandırılması ilə yekunlaşıb.