Narkotik Ermənistana Paşinyanın "dabro"su ilə daşınır?

Müəllif: Elvin Səxavətoğlu

Ermənistanda narkotik ticarəti ilə bağlı qalmaqal səngimək bilmir. Son dövrlər ölkədə narkotiklərin qanunsuz dövrüyyəsi ilə bağlı faktların artması xüsusilə medianın diqqətini çəkib.

Bildirilir ki, mayın 18-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya gətirilən 1 ton kokainin saxlanması barədə məlumat yayıb.

Nəhəng narkotik partiyası İtaliya və Gürcüstandan tranzit yolla ölkəyə gətirilib. Ələ keçirilən narkotikin ümumi dəyəri isə təxminən 250 milyon avro təşkil edir.

Həmçinin oxuyun: Paşinyanı "Qarabağ Azərbaycandır!" deməyə nə vadar edir? - İrəvanın geri addımının PƏRDƏARXASI

Bir gün əvvəl isə İtaliya mediası yerli limanlardan birində 78 tonluq banan yükünün içərisində gizlədilmiş 2,7 ton kokainin saxlanması barədə yaymışdı. Yük qaimələrinə əsasən, onların Gürcüstanın Batumi limanı vasitəsilə Ekvadordan Ermənistana göndərildiyini göstərirdi. Həmin narkotikin ümumi dəyəri 800 milyon avro olaraq qiymətləndirilib.

İyunun 8-də Ermənistanda daha bir narkotik əməliyyatı keçirilib. Dövlət Gəlirləri Komitəsindən verilən məlumata görə, "Zvartnots" hava limanının yük kompleksinin gömrük nəzarəti zonasında Ermənistandan Avstraliyaya beynəlxalq kuryer daşımaları gömrük nəzarəti zamanı digər məhsullarla yanaşı narkotik də daşınırmış. Bildirilir ki, ümumi çəkisi 1,5 kq olan narkotik (metamfetam) vasitə aşkar edilib. Bağlamanın İran vətəndaşına məxsus olduğu müəyyən olunub. Şübhəli şəxs saxlanılıb.

Bundan başqa, Ermənistanın güc strukturunun yüksək rütbəli və vəzifəli şəxsinin oğlu 240 bağlama narkotik maddə ilə tutulub.

Həmçinin oxuyun: Gah nala, gah mıxa vuran Paşinyan - Erməni baş nazirin ziddiyyətli bəyanatlarının sirri

Bildirilib ki, adı hələ açıqlanmayan həmin vəzifəli şəxsin oğlunun avtomobili hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Avtomobildə aparılan axtarış nəticəsində 240 bağlama narkotik maddə aşkarlanıb. Məlumata görə, məmur oğlu artıq həbs olunub. Bildirilib ki, vəzifəli şəxsin adı yaxın zamanda açıqlanacaq. Hadisə Ermənistan ictimaiyyətində qalmaqala səbəb olub.

Göründüyü kimi, Ermənistan narkotik ticarətinin əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bunu media ilə yanaşı ölkənin ictimai xadimləri də etiraf edir.

Parlamentin "Hayastan" fraksiyasının deputatı Andranik Tevanyan 1.4 ton kokain aşkarlandıqdan sonra demişdi ki, Ermənistanın milli təhlükəsizliyinə təhdidlər Ermənistan ətrafında gedən proseslərdən və narkotiklərin dövriyyəsinin artmasından irəli gəlir.

Səs-küylü narkotik əməliyyatlarından sonra Ermənistan mediası sensassion iddialar yaymağa başlayıb.

İddia olunur ki, ölkənin narkotik ticarətinin mərkəzinə çevrilməsində Ermənistan hakimiyyəti, daha dəqiqi Baş nazir Nikol Paşinyan maraqlıdır. Bu iddia ilə "7or.am" saytı çıxış edib.

Sitat: "Sual ünvanlanır ki, İtaliyadan 2.7 ton kokain Ermənistana kimin üçün gəlib, ən əsası kimin "dabro"su ilə gəlirdi? Aydın olur ki, belə böyük partiyanın Ermənistana göndərilməsi yalnız hakimiyyətin zəmanəti ilə mümkün ola bilər. Belə bir icazəni hökumət piramidasının zirvəsində olan şəxs verə bilər. Bu da Nikol Paşinyandır".

Həmçinin oxuyun: Ermənistanın təxribat planının PƏRDƏARXASI - İrəvanın hədəfi nədir?

Bundan əvvəl, 1.4 ton kokain aşkarlandıqda Andranik Tevanyan da iddia etmişdi ki, külli miqdarda narkotik maddənin Ermənistana göndərilməsi hakimiyyətdən xəbərsiz baş tuta bilməz.

Sitat: "Bunun hakimiyyətlə əlaqəsi olmaya bilməz. Əslində Ermənistan hakimiyyəti narkotik mafiyasına çevrilib və bütün bunlara əsaslı şübhələrimiz var. Düşünmürəm ki, Ermənistanda bir milyard dollarlıq dövriyyə təmin edə bilən və hakimiyyətlə əlbir olan, lakin kənarda olan kimsə var. Hakimiyyətlə heç bir əlaqəsi olmayan bir şəxs belə riskli addım ata bilməzdi. Üstəlik, bunun yeganə hal olub-olmadığını və ya başqa halların olub-olmadığını bilmirik. Burada sual yarana bilər ki, Nikol Paşinyan və onun ətrafı 1 milyard dollardan çox pulu haradan əldə ediblər? Bunun yeganə hal olmadığına əsaslı şübhəmiz var və biz aydınlıq tələb edirik".

İranla sərhəd olan Ermənistanda narkotik ticarətinin genişlənməsi diqqət çəkməyə bilməz. Çünki İran ərazisi narkotik ticarəti üçün əsas münbit tranzit yoludur.

Xüsusilə vurğulanmalıdır ki, İranla Ermənistan arasında narkotik ticarəti 30 ilə yaxın dövr ərzində Azərbaycanın işğal altında olan bölgələri vasitəsi ilə həyata keçirilib. 44 günlük müharibə nəticəsində Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Tehranla İrəvanın narkotik ticarətindəki manevr imkanlarını zəiflədib. Amma görünür, iki ölkə narkotik ticarəti istiqamətində yeni əməkdaşlıqlarda qərarlıdır. 

Həmçinin oxuyun: II Qaregin erməni din xadimlərini niyə izlətdirir? - SENSASSİON TƏFƏRRÜAT

Məlumdur ki, hazırda İran-Ermənistan münasibətləri tarixinin ən isti dövrünü yaşayır. İki ölkə bir-biri ilə siyasi və iqtisadi bağlarını möhkəmləndirməkdədir. Ermənistanda narkotiklərin qanunsuz dövrüyyəsi ilə bağlı faktların artması və bu məsələdə İran vətəndaşlarının ön plana çıxması İrəvan və Tehran hakimiyyətlərinin narkotik ticarəti məsələsində də razılığa gəldiklərini və əməkdaşlıq etdiklərini gün üzünə çıxarır.