Azərbaycan separatçıları necə diz çökdürdü?

Müəllif: Elvin Səxavətoğlu

Son bir ay ərzində Qarabağ ətrafında proseslər çox sürətlərə cərəyan edirdi. Azərbaycanın 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində isə hadisələr daha da sürətləndi. Antiterror tədbirləri nəticəsində Ordumuz ölkəmizin suverenliyini bərpa edib və hazırda Qarabağın ən strateji ərazilərində Azərbaycan bayrağı dalğalanır.

Ötən gün isə erməni əsilli oliqarx, ləğv edilmiş qondarma rejimin "dövlət naziri" Laçın sərhəd-buraxılış məntəqəsini gizli şəkildə keçməyə çalışarkən saxlanılıb. Bu gün isə separatçıların xarici işlər naziri David Babayanın təslim olduğu barədə xəbərlər yayılıb.

Qısa müddət sonra separatçı rejimin ləğv olunduğu ilə bağlı qərar qəbul edildi.

Bununla da Azərbaycan ərazisində 30 ildən çox qanunsuz fəaliyyət göstərən "Artsax Respublikası" tarixin zibilliyinə atıldı.

Düzdür, adıçəkilən "qurum" 90-cı illərin əvvəllərindən fəaliyyət göstərsə də, iddiaları daha qədim idi.

"Artsax Respublikası" xaricdəki erməni lobbisinin və onların havadarlarının 200 illik layihəsi hesab olunurdu. Onlar bu layihənin icrası üçün illərdir səy göstərir, qondarma respublikanın dünya birliyi tərəfindən tanınması ilə bağlı təbliğat aparırdılar. Amma Azərbaycanın 44 günlük müharibədə qələbə qazanması separatçıların və onları maliyyələşdirən qurumların planlarını alt-üst etdi. Azərbaycan müharibə nəticəsində ərazi bütövlüyünü, bir neçə gün əvvəl keçirilən antiterror tədbirləri nəticəsində isə suverenliyini bərpa etmiş oldu.

Artıq Azərbaycan ərazisində qondarma rejim yoxdur.

Rəsmi Bakını bu tarixi uğura aparan əsas amillər sırasına - hərbi gücün artırılması, geosiyasi vəziyyətin düzgün analiz edilməsi, təmkinli diplomatik gedişlər, xalqla siyasi hakimiyyətin birliyi, iqtisadi sabitlik və maliyyə resurslarının formalaşdırılması daxildir.

Bütün bunlar olmasaydı, Azərbaycan tarixi Qarabağ zəfərini qazana bilməzdi.

Təbii ki, sadalanan faktorların formalaşdırılmasında əsas missiya Prezident, Ali Baş Komandan İlham Əliyevin üzərinə düşürdü. Ali Baş Komandan ötən illər ərzində bütün çıxışların Qarabağı Azərbaycanın bir nömrəli problemi adlandırır, problemin həlli ilə bağlı bir addım belə geri atılmayacağını bəyan edirdi.

Prezident İlham Əliyev buna paralel olaraq, Azərbaycanın həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etməsi üçün böyük səylə çalışırdı.

Nəhayət, bu səylərin, gərgin əməyin nəticəsində Azərbaycan tarixi qələbəni qazandı. Bu təkcə Ermənistan üzərində deyil, onların havadarları və dünyanın əksər ölkəsində siyasi dairələrə təsir etməyə çalışan erməni lobbisi üzərində qələbədir.